Cənubi Qafqazda sülhü kim İSTƏMİR?
Bölmə: Siyasət › ,Tarix: 20:59 20.07.2023
İsrail mətbuatında Ermənistanın “Şahid” dronlarından istifadə etdiyinə dair xəbərlər yayılıb.
Bildirilib ki, Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yaşanılan insidentlərdə İrəvan İran istehsalı PUA-lar tətbiq edib.
Bu da İranın İrəvana pilotsuz uçuş aparatı tədarükü məsələsini gündəmə gətirib. Əslində, Tehranın Cənubi Qafqazdakı müttəfiqini hərbi vasitələrlə təmin etməsi təəccüblü deyil. Amma maraqlı məqam odur ki, rejim Ermənistanı silahlandırmağa davam edərkən regionda sülhün bərqərar olmasından danışır. İranın Brüssel görüşündən sonra “3+3” formatına işarə etməsi isə onun niyyətini ifşa edir
Hərbi ekspert Şair Ramaldanov deyir ki, əslində, bu barədə iddialar vaxtaşırı yerli mətbuatda da gündəmə gəlir. Çünki rəsmi Tehranın İrəvana külli miqdarda raket və digər silahlar hədiyyə etdiyi rəsmən təsdiqlənib. Eyni zamanda, İranın yüksək səviyyəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarının alınması üçün 22 ölkə rəsmi müraciət edib və onların arasında Ermənistan da var: “Buna görə də İranın Ermənistana PUA satması və İrəvanın sözügedən vasitələrdən Azərbaycana qarşı istifadə etməsi təəccüb doğurmamalıdır. Məlum məsələdir ki, Tehranın regiondakı müttəfiqinin hərbi cəhətdən güclənməsinə kömək etməkdə öz marağı var. Hazırda, molla rejimi Türkiyə-Azərbaycan müttəfiqliyindən və İsrailin bu birlikdəki mövqeyindən narahatdır”.
Ekspertin sözlərinə görə, istənilən halda, Azəbaycan tərəfi bütün əməliyyat şəraitini nəzarət altında saxlayır və adekvat cavab verir. Eyni zamanda, Azərbaycanın hərbi bazasında Türkiyə istehsalı pilotsuz uçuş aparatları var: “ Statistikalar da göstərir ki, “Bayraktar TB2”-lər İran PUA-larından öndədir. Belə ki, “Mühacir-6”nın maksimum uçuş məsafəsi, təxminən, 200 kilometr olduğu halda, Bayraktar-ın tam uçuş məsafəsi 300 kilometrdir. Bayraktar-ın dayanıqlığı da İran istehsalı dronları üstələyir. "Şahid" seriyası müvafiq olaraq, 4 - 5 saat havada qala bilirsə, Türkiyənin PUA-larında bu göstərici 27 saatdır. Bundan əlavə, Bayraktar onlardan daha çox hündürlüyə qalxa bilir. Üstəlik, düşünsək ki, Azərbaycan ordusunun PUA istifadəsi sahəsində təcrübəsi İrəvandan çoxdur, o zaman narahatlığa ciddi əsas yaranmır”, - deyə o bildirib.
Siyasi ekspert Turan Rzayev isə deyir ki, İran dronları Cənubi Qafqazdakı potensial müharibədə həlledici rol oynamayacaq və Azərbaycan üçün ciddi təhlükə təşkil etmir: “Bununla belə, Tehranın İrəvana PUA göndərməsi onun regionda formalaşdırmağa çalışdığı “sülhpərvər” imicini məhv edir. Hər nə qədər İranın XİN başçısı Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla sonuncu telefon danışığında “3+3” formatı kimi regional məsləhətləşmələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirsə də, onun sözləri ilə əməli üst-üstə düşmür”.
Qeyd edək ki, “3+3” formatı Azərbaycan və Türkiyənin təklifi əsasında irəli sürülən platformadır. Amma məhz İran regionda yaranan yeni reallığı qəbul etməyərək Azərbaycana qarşı Ermənistanı dəstəkləmək siyasətini həyata keçirdi, bununla da formatı dəstəkləmədiyini göstərdi.
İndi isə Azərbaycanla Ermənistan arasında Brüssel formatında görüşlərin intensivləşdiyi və sülh sazişi ilə bağlı danışıqlarda irəliləyişlərin olduğu bir vaxtda İran 3+3 formatını xatırladı. Bu da onu göstərir ki, rəsmi Tehran Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir və buna hər yolla mane olmağa çalışır.
Jalə