Ermənilərin “gərgin humanitar vəziyyət” manipulyasiyası

Bölmə: Siyasət › ,
Tarix: 21:48 20.07.2023

“Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və Azərbaycanın bu xoşniyyətli addımlarına qarşılıq verilməsi vacibdir. Bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir”.

 

Bu fikirlər XİN-in Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın səsləndirdiyi əsassız iddialara cavabında yer alıb. Nazirlikdən bildirilib ki, Ermənistan növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək bölgədə sülh və sabitlikdə maraqlı olmadığını bir daha təsdiqləyib.

 

Avstriyada səfərdə olan Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin Sərəncamlarına məhəl qoymamaqla ittiham edib. Əsassız iddialarla çıxış edən erməni nazirə rəsmi Bakının cavabı gecikməyib.

 

Cavabda qeyd edilir ki, Ararat Mirzoyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə, Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsizliyini” bəhanə gətirərək sülh prosesinə müxtəlif iddialarla maneçilik törətməsi Ermənistan rəsmilərinin əsl niyyətlərindən xəbər verir.

 

Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir: “Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir”.

 

Siyasi şərhçi deyir ki, 44 günlük müharibəni bitirən müqavilədə üzərinə düşən öhdəliklərinə riayət etməməsi, regionda münaqişənin davam etməsində maraqlı olması, Ermənistanın özünütəcrid siyasətinin heç bir xeyir gətirmədiyini hələ də anlamadığını nümayiş etdirir: “Əgər Qarabağ münaqişəsi həll olmasa, heç bir halda Ermənistan Rusiyanın caynağından xilas ola bilməyəcək. Görünür, elə bu məqamda həm Qarabağdakı separatçı rejimin qalıqlarını, həm onların xarici havadarlarını ən çox narahat edən məsələ məhz bu dönəmdə bizim orada atışmalar görməyimizdir”.

 

Ermənistan, Azərbaycanın münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən düzgün nəticə çıxaracaq. Paşinyan rejimi rəsmi Bakının sülh sazişi, sərhədlərin delimitasiya, demarkasiyası və bütün kommunikasiyaların açılması üçün cəhdlərinə təxribatla cavab verdikdə isə adekvat tədbirlərlə qarşılaşacaq. 

 

Tamilla