Aksiya nəticəsiz QALACAQ
Bölmə: Siyasət › ,Tarix: 16:10 21.07.2023
Rusiya Sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilər Ağdam yolunu üç beton blokla bağlayaraq şou yaradıblar.
Əllərində tutduqları plakatları yellədərək bəyan etdilər ki, nə olursa-olsun, Ağdamdan Əsgərana maşın karvanının keçməsinə imkan verməyəcəklər.
Azərbaycanın humanitar yüklərin daşınması üçün Laçın dəhlizinə alternativ avtomobil yolunu müəyyən etdiyi bir vaxtda ermənilərin bu aksiyası təsadüfi deyil.
Politoloq İlyas Hüseynovun sözlərinə görə, Laçın dəhlizi fəaliyyət göstərəcəksə, ermənilərin Qarabağ erməniləri üzərində qurduqları oyun davam edəcək: “Laçın dəhlizi faktorunun ortadan qalxması, ona alternativin yaranması ermənilərin Qarabağ oyununun tam şəkildə bitməsi deməkdir. Brüsseldə 15 iyulda keçirilən görüşdə Avropa İttifaqının prezidenti Şarl Mişel Ağdam marşrutunun legitimliyini bildirdi. Bununla da ermənilər sonuncu mühüm qalalarını tərk etməyə məcburdurlar. Bu da aksiyanın ana xəttidir. Əslində, "əhali acından ölür" şousunu yalana çıxaran kadrlar hər gün Xankəndidən yayılır”.
Həmçinin politoloq əlavə edib ki, Azərbaycan tərəfi ermənilərin bu şousunun qarşısının tam alınması üçün ehtiyac və tələbat olan malları, ərzaq məhsullarını Ağdamdan ala biləcəklərini tövsiyə edib: “Bu həm ermənilər, həm dünya həm də orada müvəqqəti məskunlaşmış Rusiya Sülhməramlıları üçün ən real təklifdir”.
Ekspertlər hesab edirlər ki, aksiya nəticəsiz qalacaq və Azərbaycan alternativ yoldan istifadə niyyətinə nail olacaq.
Aynurə