Ermənistan yeni hərbi əməkdaşlıqlar axtarışında
Bölmə: Siyasət › ,Tarix: 12:18 21.07.2023
2Son zamanlar hərbi-texniki gücünü artırmağa çalışan İrəvan indi də ABŞ-dan PUA tədarük etmək arzusundadır. Lakin görünən odur ki, bu istək elə arzu olaraq da qala bilər. Səbəb isə Vaşinqtona Ermənistan bazarının maraqlı olmamasıdır. Bunu Ermənistan höküməti də aydın şəkildə başa düşür. Ona görə də rəsmi İrəvan Ağ Evi bu əməkdaşlığa razı salmaq üçün məhz Rusiya kartından istifadə etmək niyyətindıdir.
İnformator.az xbər verir ki, Ermənistan Baş Qərargahının rəisi Edvard Asryanın ABŞ ziyarətinin detalları bəlli olub. Pentaqonda yüksək çinli hərbçilərlə danışıqlar aparan Asryanın məqsədi Fransa, İran və Hindistandan sonra indi də Ağ Evlə hərbi-texniki əməkdaşlıq etməkdir. Onun Vaşinqton görüşlərinin gündəliyinin əsasını isə hava qüvvələri sektorunda mümkün müttəfiqlik imkanları təşkil edib. Erməni mediasına sızan məlumatlara görə aparılan əməkdaşlıq müzakirələri məhz PUA seqmentinə aiddir. Sadə dillə desək, Ermənistan ABŞ-dan pilotsuz uçuş aparatlarının tədarükünü hədəfləyir. Yerli KİV İrəvanın PUA marağını onların təyyarələrlə müqayisədə daha ucuz olması ilə izah edirlər. ABŞ ilə danışıqlarda müzakirə edilən mövzuların və həyata keçirilmə konsepsiyasını analiz edən ekspertlər gedişatı İrəvanın Qərb sisteminə keçidi kimi qiymətləndirirlər.
Siyasi şərhçi Əlimusa İbrahimov deyir ki, Ermənistan Qərargah rəisinin ABŞ-da son danışıqlarında olan məlumatlara görə İrəvan ABŞ-la hərbi əməkdaşlıq etmək niyyətindədəir. Bu isə onu göstərir ki, Ermənistan İran, Fransa və Hindistandan silah almağa müvəffəq ola bilməyib. Ona görə də ABŞ-a üz tutub. Onu da vurğulamaq lazımdır ki, ABŞ silah alması məsələsi adını çəkdiyimiz ölkələrdən silah alması qədər blefdi.
Ancaq mövcud şərtləri nəzərə alsaq Vaşinqton üçün satış baxımından Ermənistan bazarı çox kiçikdir. İrəvanın maliyə imkanlarını da göz önünə alsaq ABŞ-ı Ermənistanla hərbi əməkdaşlığa yalnız Rusiya amili sövq edə bilər. Ancaq Vaşinqton bu əməkdaşlıqda ilk növbədə siyasi baxımdan maraqlı olacaq. Ağ Ev yalnız regionda Rusiya ilə rəqabətdə üstünlük əldə etmək və xüsusən də onu sıxışdırmaq üçün İrəvanla hərbi əməkdaşlığa müsbət yanaşa bilər.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Amerikanın əsas marağı bu bölgədə Rusiyanı sıxışdırmaqdır. Bu konteksdən baxdıqda bu mümkündür. Hətta Ermənistanda məlumatlar yayılır ki, onu qarşısında Rusiya hərbi bazasının çıxarılması kimi şərt qoyulub. Göründüyü kimi, Ermənistan dövlətlərin öz siyasi mübarizələrini aparmaları üçün alətə çevrilir.
Ermənistanın 44 günlük müharibədən sonra hərbi-texniki əməkdaşlıq üçün alternativlər axtarışı isə İrəvanın Rusiya hərb maşınından imtina etməsi deməkdir. Göründüyü kimi, ordunu ciddi şəkildə gücləndirmək qərarına gələn Paşinyan hökuməti üzünü ənənəvi tərəfdaşı və donoru olan Moskvaya deyil, başqa ölkələrə tutub. Bu, addımın əsas səbəbi isə birbaşa olaraq rəsmi İrəvanın Rusiya silahlarından narazılığı ilə bağlıdır. Mütəxəssislərin fikrincə, bu, özünü doğrultmayan və artıq hər sahədə NATO standartlarına uduzan Rusiya sistemindən imtina deməkdir. Ermənistanın son zamanlar bu və buna bənzər "dost olmayan" addımlarına isə Kremlin mütləq şəkildə reaksiyası gözlənilir. Qaldı sülh istədiyini deyən Ermənistan hakimiyyətinin hər vəchlə silahlanma arzusuna, rəsmi Bakı istər diplomatik, istərsə də hərbi müstəvidə qarşı tərəfə cavab vermək iqtidarındadır.
İsmayıl