Türkiyə Cənubi Qafqazdakı proseslərə hansı əsaslarla təsir edə biləcək?

Bölmə: Siyasət › ,
Tarix: 14:20 21.07.2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağdakı Rusiya sülhməramlılarının səlahiyyət müddəti bitdikdən sonra onların ərazini tərk edəcəkləri ilə bağlı fikrinə Rusiyadan reaksiya gecikməyib. "Türkiyənin 10 noyabr bəyanatının tərəfi olmaması səbəbilə bu mövzuda bildirdiyi fikir hüquqi əhəmiyyətə sahib deyil" deyə Rəsmi moskva açıqlama verib. Amma görünən odur ki, Moskva bəzi reallıqları nəzərə almır.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO liderlərinin Vilnus sammiti sonrası mətbuat konfransında Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxmasına dair açıqlamasına Kreml cavab verib. Sülhməramlı kontingentin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr bəyanatına uyğun olaraq ərazidə yerləşdirildiyini deyən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həmin sənəddə onların regionda qalma müddətinin də göstərildiyini vurğulayıb. Xanım diplomat səlahiyyətlərin 5 il müddətinə mümkün uzadılmasının parametrlərini də yenidən xatırladıb. Əslində Zaxarovanın müddətin artırılması məsələsinə toxunması elə bu açıqlamanın məramını izah edir. Buradan görünür ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasından çox özünün buradakı hərbi varlığının saxlanılmasında maraqlıdır. Buna görə də “Ankara üçtərəfli bəyanatın tərəfi deyil” deyərək, regionda sabitiyin bərqərar olmasına can atan Türkiyəyə Cənubi Qafqazdakı proseslərə qarışma mesajını verir.

 

Siyasi şərhçi Əli Zülfüqaroğlu bildirir ki, Kreml bu açıqlamanı verərkən, 2 məsələni nəzərə almayıb. Birincisi, bəyanatı imzalayan Prezident İlham Əliyev də öz çıxışlarında sülhməramlıların onlara verilən vaxt tamam olduqda gedəcəklərini qeyd edib. Hazırkı proseslər də onu göstərir ki, Azərbaycan üçtərəfli razılaşmanın 4-cü bəndində qeyd olunduğu kimi, sülhməramlı missiyasının bitmə müddətinə 6 ay qalmış buna xitam verilməsi üçün müraciət edəcək. Digər tərəfdən isə rəsmi Bakı ilə Ankara arasında hərbi əməkdaşlıq sahəsində imzalanan müqavilələr, ən əsası Şuşa Bəyannaməsi var. Bu sənədlər də öz növbəsində öz ərazisi kimi Azərbaycanın öz ərazisi kimi Qarabağla bağlı məsələlərdə Türkiyəni söz haqqına sahib tərəfə çevirir.

 

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Zaxarovanın elə özünün istinad etdiyi sənəddə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulub. Bu razılaşmaya əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb, yəni türk əsgəri də bölgəyə daxil olub. Ümumilikdə son mənzərədə Rusiya ilə birgə razılaşmaya əsasən, Ağdama əsgər göndərən Türkiyə bu razılaşmanın hüquqi tərəfidir və Cənubi Qafqazdakı proseslərə müsbət istiqamətdə təsir etmək imkanına sahibdir. Bu səbəbdən də Rusiya XİN başçısının iddia etdiyinin əksinə, Türkiyənin rus sülhməramlıların zamanı çatanda Qarabağdan çıxmasını istəməsinin hüquqi əsasları var.

 

Jalə