Brüssel görüşündən sonra separatçılar yenə də iş başında

Bölmə: Siyasət › ,
Tarix: 16:30 21.07.2023

Gözlənilən sonun yaxınlaşdığını bilən separatçı rejim nümayəndələri əl-əyağa düşüblər. Qondarma rejim indi də Brüssel görüşündən sonra sürətlənəcək proseslərə mane olmaq üçün iclas keçirərək bəzi dırnaqarası qərarlar verəcəklər. Rejim iclas detallarını sirr kimi gizli saxlamağa çalışsa da, sızan məlumatlardan aydın olur ki, terrorçular yenə "blokada" görüntüsü yaratmaq istiqamətində işləri davam etdirəcək. Digər tərəfdən isə onlar öz daxilindəki narazılıqları gizlətmək üçün müxtəlif vasitələrə əl atırlar.

 

Brüssel görüşündən sonra bir qədər də fəallaşan separatçılar reinteqrasiyaya mane olmaq üçün yenidən iş başındadır. Erməni mediyasında tirajlanan məlumatlardan aydın olur ki, bu istiqamətdə növbəti addımlar atılacaq. Qondarma rejim məhz bu gün növbədənkənar iclas keçirməyi planlayır. Dünya ictimaiyyətinin fikrini manipuliyasiya etməyi hədəfləyən separatçılar detalları açıqlamasa da ciddi addımlar atılacağını deyirlər. Ekspertlərin fikrincə Qarabağdakı separatçılar görüşün nəticələrinə təsir etmək məqsədilə atacaqları hər hansı bir addımla müqavimət formalaşdırmaq istəyirlər.

 

Siyasi şərhçi Akif Nağı hesab edir ki, qondarma rejim üzvləri iclasın detallarını nə qədər gizli saxlamağa çalışsa da Ruben Vardanyanın açıqlaması rejimin planlarını bir növ ifşa edir. Separatçıların 6 maddəlik istəyindən danışan Vardanyanın dediklərindən aydın olur ki, onlar BMT-nin və digər beynəlxalq təşkilatların humanitar missiyalarının Xankəndiyə birbaşa gəlməsini istəyirlər. Hətta separatçılar tezliklə Qarabağa Aİ də daxil olmaqla AŞPA və digər təşkilatların komissiyasının göndərilməsi arzusundadır. Rusiya sülhməramlı missiyasının BMT-dən rəsmi mandat almasından da söz açan separatçı, həmçinin Çin sülhməramlılarının da regiona cəlb olunmasından dəm vurub. Erməni mediasında yayılan son məlumatlara görə sözügedən məsələ ilə bağlı hətta Ermənistana hökumətinə müraciət ediblər. Absurd xəyallara qapılan separatçılar unudurlar ki, mövcud reallıqda Ermənistan hakimiyyəti də Qarabağdakı qondarma rejim də Azərbaycana öz ərazisi ilə bağlı tələblər irəli sürmək iqtidarında deyillər. Çünki reallıq müstəvisində təcrübə dəfərlərlə göstərib ki, istənilən halda rəsmi Bakı onları mövcud reallıqla hesablaşmağa məcbur edib.

 

Siyasi şərhçi Anar Əliyev bildirir ki, BMT mandatı almış sülhməramlıları bölgəyə daxil olması ilə prosesin daha da uzadılmasını hədəfləyirlər. Onlar bu məsələni beynəlmilli etmək və prosesi Azərbaycanın nəzarətindən çıxarıb dünyada ayrı-ayrı havadarlarına vermək istəyirlər. Bununla da havadarlarının bölgəyə təsirini təmin etmək istəyirlər.

 

Lakin qaldırılan məsələlər və atılan addımlar onu deməyə əsas verir ki, qondarma qurumun hərəkətlərini tənzimləyən qüvvələr var. O qüvvələr ki, regionda sülh, əməkdaşlıq və birgə yaşayış ilə bağlı planlara qarşı çıxır. Əsas məqsəd isə reinteqrasiya prosesinə qarşı çıxmaqdır. Son günlərini yaşadığını bilən terrorçu rejimin nümayəndələri məhz bu prosesin qarşısını almaq üçün sıravi vətəndaşlara da təzyiqləri artırıb. Rejim reinteqrasiyaya müsbət yanaşan və öz təhlükəsizliklərinə təhdid hesab etdiyi şəxsləri həbs etdirməkdən belə çəkinmir. Cinayətkar rejim vəchlə çalışır ki, Xankəndidə baş verən hadisələr, o cümlədən yerli əhalinin rejimdən narazılığı barədə məlumatlar aktuallaşmasın. Hətta vəziyyət o yerə gəlib çatıb ki, rejim təmsilçiləri restoran və kafe sahiblərinə göstərdikləri xidmət və təkliflər barədə sosial şəbəkə hesablarından paylaşım etməyi də qadağa qoyublar. Səbəb isə özlərinə xidmət göstərən ictimai iaşə obyektlərinin fəaliyyəti dünyaya car çəkdikləri "blokada" təbliğatını alt-üst etməsidir.

 

İsmayıl