Suren Papikyanın şərti sərhədə getməsi nəyə İŞARƏDİR?

Bölmə: Siyasət › ,
Tarix: 17:05 21.07.2023

Ermənistanın Müdafiə naziri Suren Papikyanın şərti sərhədə getməsi ilə eyni gündə İran Ordusunun qərargah rəisi Məhəmməd Bagirinin təhlükəsizliyi yoxlamaq üçün Azərbaycanla sərhəd məntəqəsində olması onlar arasında koordinasiya olduğu ehtimalını gündəmə gətirib.

 

 

Ermənistanın Müdafiə naziri Suren Papikyan Azərbaycanla şərti sərhəddə bir sıra döyüş postlarında növbətçiliyin yerinə yetirilməsinə, o cümlədən mühəndis-istehkam və fortifikasiya işlərinin aparılmasına nəzarət, həmçinin aidiyyəti bölmələrin rəhbərləri ilə bir sıra məsələləri müzakirə edib. Onun bu ziyarəti isə təsadüfi deyil. Belə ki, hazırda danışıqlar prosesi müsbət istiqamətdə irəliləyir. Təcrübə isə onu göstərir ki, ermənilər əhəmiyyətli görüşlərdən sonra ənənəvi olaraq sülhü yubatmaq üçün təxribata əl atır. İndi də Brüssel görüşündə rəsmi Bakının əldə etdiyi diplomatik üstünlüyün fonunda Papikyanın sərhədə gəlməsi növbəti təxribatı törədə biləcəklərinə işarə edir.

 

 

 

Siyasi şərhçi Mübariz Göyüşlünün fikrincə, hazırda, bu, Azərbaycan üçün xüsusi narahatlıq doğurmur: “Burada maraqlı məqam odur ki, Papikyanla eyni gündə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri də Azərbaycan ilə sərhəddə yerləşən Poldəşt sərhədinin sıfır nöqtəsinə gəlib. Yəni hazırkı mənzərədə İrəvan və Tehranın sinxron addımlar atdığı müşahidə olunur. Bu isə onların arasında müəyyən bir koordinasiyanın olmasına işarə edir. Bu versiyaya əsasən, əgər Ermənistan tərəfdən hansısa eskalyasiya olarsa, İran regiondakı müttəfiqini dəstəkləyəcək”.

 

 

Siyasi şərhçi Yeganə Hacıyeva isə deyir ki, Bagirinin səfəri ilə bağlı başqa diqqətçəkən məqamlar da var. Belə ki, İran ordusunun komandanı səfərin məqsədinin İran və Azərbaycan arasındakı ümumi sərhəddə passiv müdafiənin son vəziyyətini yoxlamaq olduğunu bildirib: “Burada “passiv müdafiə” deyərkən ərazinin yerli etnik türk və kürd əhalisinin ayağa qalxmasına qarşı tədbirlər nəzərdə tutulur”.

 

 

Siyasi şərhçilər bildirirlər ki, Urmiya gölü ətrafı ərazilərdə böyük ölçüdə Güney Azərbaycan türkləri və kürdlər yaşayır. Rəsmi Tehran da Bakı və Ankaranın təlimatı ilə Güney Azərbaycan türklərinin, Ərbilin təlimatı ilə kürdlərin ayağa qalxmasından ehtiyat edir. Üstəlik, İsrailin də aktiv şəkildə İranın etnik müxalifət nümayəndələri ilə görüşlər keçirməsi, təmaslar qurması molla rejimini ehtiyatlı olmağa vadar edir.

 

 

Bununla belə, aydın məsələdir ki, İran Azərbaycanla müharibə etməyəcək. Bunu Bagirinin səsləndirdiyi fikirlərdən də aydın şəkildə görmək olur. O, sətiraltı ifadələrlə hansısa məqamlara işarə etsə də, çıxışının məğzi ondan ibarət idi ki, Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problem yoxdur. Bunun əsas səbəbi isə odur ki, İran rəsmi Bakının regiondakı əsas oyunçuya çevrildiyindən agahdır və Tehranın Azərbaycanla iqtisadi əlaqələrə ehtiyacı var. Ötən gün İranın Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə danışığında “3+3” formatını xatırlatması və regional iqtisadi münasibətlərin inkişafına diqqət çəkməsi də bu fikri gücləndirir.

 

Jalə