Makron BRİKS sammitinə çağrılmayıb

Bölmə: Siyasət › ,
Tarix: 17:59 25.07.2023

Avqustda keçiriləcək BRİKS sammitinə Fransa prezidenti Emmanuel Makron çağrılmayıb. Hansı ölkələrin burada iştirak edəcəyi maraqla qarşılanır. Daha öncə Rusiya prezidenti Vladimir Putinin sammitdə iştirak etməyəcəyi müzakirə olunurdu. İndi isə Fransa prezidenti Emmanuel Makrondan xəbər var. Məlumata görə, Fransa lideri Cənubi Afrika prezidentindən sammitə dəvət olunmağı xahiş etsə də, istəyi havada qalıb.


Fransa prezidenti Emmanuel Makron BRİKS-in sammitinə dəvət olunmayıb. Daha əvvəl Fransa mətbuatı mənbələrə istinadən yazıb ki, Makron Afrika prezidentindən onu sammitə dəvət etməyi xahiş edib. CAR-ın BRİKS-dəki səfiri Anil Suklalın sözlərinə görə, sammit Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. “Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin lideri də var. Qərb ölkələri dəvət almayıb. Buna baxmayaraq, biz Qərb nümayəndələri ilə qarşılıqlı əlaqəni davam etdiririk”.


Fransanın xarici işlər naziri Ketrin Kolonna təsdiqləyib ki, Makron BRİKS-in bir hissəsi olan ölkələrlə dialoqu davam etdirməkdə maraqlıdır. O, Fransa liderinin sammitdə mümkün iştirakını “yaxşı ideya” adlandırıb. Moskva isə bu məsələdə əks mövqedədir. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sergey Ryabkov Makronun sammitə səfərinin yersiz olduğunu bildirib:

 

“Aydındır ki, bizə qarşı düşmən və qəbuledilməz siyasət yürüdən, “Rusiyanın beynəlxalq miqyasda fəal şəkildə təcrid olunmasına çalışan, NATO xəttini bölüşən dövlətin sammitdə iştirakını yersiz hesab edirik. Biz bu yanaşmamızı gizlətmirik. Cənubi Afrikadan olan həmkarlarımıza da bu barədə məlumat vermişik. Ümid edirik, mövqeyimizi tam nəzərə alacaqlar. Dəvət olunanları müəyyən etmək ev sahibi olan ölkənin işidir. Amma dəvətdən əvvəl BRİKS-in bütün iştirakçıları arasında məsləhətləşmələrin aparılması az əhəmiyyət kəsb etmir”.


Xatırladaq ki, sammit avqustun sonunda keçiriləcək. Moskvanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında həbs oluna biləcəyindən ehtiyat etdiyi üçün videobağlantı ilə sammitə qoşulacağı bildirilir. BRİKS-ə Rusiyadan başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika daxildir. Məlumata görə, Argentina, İran, İndoneziya, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir də BRİKS-ə qoşulmaq niyyətindədirlər. 

 

Aysel