FETÖ izləri silinir

Bölmə: Siyasət › ,
Tarix: 15:43 26.07.2023

Türkiyədə terrorla mübarizə davam edir. Türkiyə Milli Müdafiə Nazirliyi ölkədən qeyri-qanuni yollarla Yunanıstana keçmək istəyərkən 8-i FETÖ-çü olmaqla 9 nəfərin həbs edilyini açıqlayıb. Ümumiyyətlə, son zamanlar qardaş ölkənin FETÖ terror qruplaşmasının mənsublarına qarşı apardığı əməliyyatlar daha da intensivləşib. Bu istiqamətdə Azərbaycan da illərdir Ankaranın yanındadır. Bakı terrorla mübarizədə də Türkiyə ilə həmrəylik nümayiş etdirir.


Türkiyə FETÖ-nün bütün izlərini ölkədən silir. 2016-cı ildə qruplaşmanın təşkil etdiyi çevriliş cəhdindən sonra bu istiqamətdə kompleks əməliyyatlar şiddətlənib. Türk mediası demək olar ki, hər gün ölkədə sabitliyə zərbə vuracaq şəxslərin ələ keçirildiyi xəbərlərini tirajlayır. 2022-ci ilin iyuluna olan statistikaya görə, dövlət çevrilişinə cəhddən sonrakı 6 il ərzində 332 mindən çox şübhəli saxlanılıb, 101 min FETÖ-çü həbs edilib. 15 İyul hadisəsi Türkiyənin təhlükəsizlik orqanlarını ordu daxilindəki pozucu qüvvələri təmizləməyə vadar edib. 2016-cı ildən sonra ümumilikdə 24 min dən çox hərbçi FETÖ ilə əlaqəsi olduğu üçün Türk silahlı qüvvələrindən xaric edilib. Onların arasında 150 general da var. 2023-cü ildə açıqlanan son rəqəmlərdə isə göstərilir ki, 7 ildə 4000-ə yaxın hakim və prokuror təşkilatla əməkdaşlığa görə işindən uzaqlaşdırılıb.


FETÖ məktəbləri, dərnəkləri, fondları, maliyyə qurumları və media orqanları ilə dünyanın 170 ölkəsində fəaliyyət göstərir. Qruplaşmanın indiyədək 1470 təşkilatı olduğu məlumdur. Qurumların çoxu Almaniya və ABŞ-dadır. Mövcud hesablamalara görə bu ölkələrdə 794 aktiv təşkilat var. Türkiyənin apardığı təmizləmə əməliyyatları da təkcə ölkə daxilini əhatə etmir.


Adıçəkilən təşkilatın qolları Azərbaycana da gəlib çıxıb. Xarici mənbələrdə qeyd olunur ki, 1990-cı ildə təşkilat liderinin 11 nəfərlik qrupu Azərbaycana göndərilib. Bölgəni gəzən heyət Türkiyəyə qayıdaraq Qafqazda baş verənləri rəhbərə çatdırıb. Bundan sonra onlar müxtəlif orqanlar daxilində - təhsil ocaqları və təşkilatlar şəklində Azərbaycanda fəaliyyət göstərməyə başlayıblar.


Siyasi şərhçi Oqtay Qasımov deyir ki, hətta bəzi araşdırmaçılar FETÖ-nun Türkiyədən sonra ən geniş şəbəkəsinin ölkəmizdə olduğunu yazır. Ancaq bütün bunlarla paralel terror təşkilatı ilə mübarizədə Türkiyənin ən böyük dəstəkçisi də məhz Azərbaycandır. Rəsmi Bakı artıq illərdi bu istiqamətdə əməliyyatları davam etdirərək FETÖ-nün izlərini silməkdə Ankara ilə əməkdaşlıq edir. Xatırlatmaq yerinə düşər ki, qardaş ölkənin rəhbəri 2018-ci ildə növbəti dəfə ölkə rəhbərliyinə gəldikdən sonrakı ilk xarici səfərini Azərbaycana edərək, FETÖ ilə göstərdiyi mübarizədəki dəstəyinə görə prezident İlham Əliyevə təşəkkür etmişdi. Təbii ki, Azərbaycan istənilən taleyüklü məsələdə Türkiyənin yanında olub və bundan sonra da olacaq:

 

“Münasibətləri tənzimləyəcək ən sonuncu və ən yüksək səviyyəli sənəd Şuşa bəyannaməsidir. Və bu Şuşa bəyannaməsinə görə hər iki ölkə bir-birinin ərazi bütövlüyünə digər məsələlərdə əməkdaşlıq edərək dəstək verməklə bərabər eyni zamanda terror təşkilatlarına qarşı ölkənin təhlükəsizliyinə təhdid yaradacaq bütün hallara qarşı birgə fəaliyyəti öhdəlik olaraq öz üzəinə götürürlər. Hər iki ölkə arasında terror təşkilatlarına qarşı mübarizədə də koordinasiyalı bir fəaliyyət mövcuddur. Bu fəaliyyət bundan sonra da daha da davam edəcək”.

Fidan