Minsk qrupunun fəaliyyətinin bərpasına cəhdlər nəticə verəcəkmi?
Bölmə: Siyasət › ,Tarix: 17:55 26.07.2023
Son zamanlar Qərb, o cümlədən ABŞ Minsk qrupunun səmərəsiz fəaliyyətinin bərpa edilməsinə cəhdlər göstərir.
İnformator.az bildirir ki, Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks mövqe bildirsə də, yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür. Qərb bir faktı unudur ki, Minsk qrupu tarixə qovuşdu və Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək.
Bu, bir həqiqətdir ki, 1992-ci ildə ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun həmsədrləri Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli həlli istiqamətində heç bir addım atmayıb. Qrupun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş Minsk qrupunun həmsədrlərinin fəaliyyəti göstərirdi ki, bu məsələdə bitərəf deyillər.
Təşkilatın həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan 44 günə hərbi yolla reallaşdırdı. Bununla da vasitəçilik missiyasını dırnaqarası yerinə yetirən Minsk qrupu aktuallığını itirmiş oldu. 28 illik fəaliyyətsizliyi ilə yadda qalan təşkilatı son zamanlar Ermənistanın aktivliyi ilə Qərb və ABŞ yenidən siyasi səhnəyə qaytarmaq istəyir. Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks mövqe bildirsə də, yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür.
Politoloq İlyas Hüseynov deyir ki, məhz Ermənistan və Azərbaycan arasında sülh prosesinin uzanmasının əsas səbəbi də müxtəlif siyasət dəhlizlərində ayrı-ayrı dövlətlərin İrəvana verdiyi gizli dəstək və vədlərdir: “Bütün bunlar Cənubi Qafqazın sülh regionuna çevrilməsini daha da mürəkkəbləşdirir. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən təşkilatın mandatının bərpası mümkünsüzdür. Azərbaycanın münaqişəni öz gücü ilə həll etməsi əvvəlki formatda vasitəçilik səylərinə ehtiyacın qalmadığını təsdiqləyir”.
Politoloq Turan Rzayevin sözlərinə görə isə Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir. Çünki ölkəyə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcək. Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur. Onu da xatırlanmaq yerinə düşər ki, 2020-ci ilin dekabrında təşkilatın Fransa və BŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırıb.
Nəzrin