Üçtərəfli görüşdə maraqlı hadisə

Bölmə: Siyasət › ,
Tarix: 17:59 26.07.2023

İyulun 25-də Rusiyada keçirilən üçtərəfli görüş çərçivəsində maraqlı hadisə yaşanıb. Azərbaycan və Ermənistanlı həmkarları ilə görüşdən əvvəl açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrova “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" terminini işlətməməsi ilə bağlı xəbərdarlıq edilib. Lavrov çıxışında bu ifadəni dilə gətirməkdən yayınsa da, rus və erməni mətbuatı dərc etdikləri yazılarda Lavrovun sitatlarında bu sözə yer verib.


Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında baş tutan üçtərəfli görüş proseslərin bundan sonrakı inkişafı barədə müəyyən işarəni özündə ehtiva edir. Məsələn, görüşdə müzakirə mövzusu olan ən mühüm məqamlardan biri azərbaycanlıların öz yurd-yuvalarına qayıtması ilə bağlı olub. Eləcə də, bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçiriləcəyi açıqlanıb. Amma üçtərəfli görüşün kuliminasiya nöqtəsi Sergey Lavrova çıxışından əvvəl verilən "məsləhət" olub. Belə ki, Rusiya XİN başçısı görüş öncəsi açıqlama verərkən, köməkçisi ona yaxınlaşıb və pıçıltı ilə nəsə deyib. Daha sonra aydın olub ki, köməkçisi Lavrova “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" sözünün işlənməsinin azərbaycanlıların xoşuna gəlməyəcəyi haqda məlumat verib. Bunu eşidən kimi Lavrov mikrafonu söndürüb.

 

Deməli, Rusiya Azərbaycan Prezidentinin fərmanıyla Dağlıq Qarabağ adında coğrafi ərazinin ləğv olunduğunu yaxşı bilir. Buna görə də Azərbaycanla Ermənistan arasında danışıqlar prosesindən kənarda qalmaq istəməyən Moskva bu mövzuda həssas davranır. Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Kremlin bu mövzuya diqqətli yanaşmasını şərtləndirən ilk amil onun Cənubi Qafqazdakı vasitəçilik rolunu itirmək istəməməsi ilə bağlıdırsa, bir digər amil də Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqdır.

 

“Cənubi Qafqazda, eləcə də Ermənistanla münasibətlərdə diktə edən tərəf rəsmi Bakı olduğundan Rusiya Azərbaycanın iradəsinə zidd addımlar atmaqdan çəkinir. Bu səbədən də Sergey Lavrov çıxışı öncəsi aldığı xəbərdarlıqdan sonra Qarabağın adını çəksə də, “dağlıq” sözünü işlətməyib”.


Siyasi şərhçi Əli Zülfüqaroğlu görüşün maraqlı məqamlarını diqqətə çatdırır: “Maraqlı məqam odur ki, Rusiyanın bəzi dövlət agentlikləri və erməni mediası Sergey Lavrovun işlətmədiyi sözü onun çıxışına əlavə ediblər və "Dağlıq Qarabağ" yazıblar. Bu isə o deməkdir ki, siyasi dairələr açıq şəkildə Azərbaycanın iradəsinə zidd addımlar atmaqdan çəkinsə də, müxtəlif yollarla öz niyyətlərini ifşa edirlər. Çünki “Dağlıq Qarabağ” ifadəsi münaqişənin olduğunu xatırladan siyasi termin kimi istifadə edilir ki, bu da münaqişənin artıq keçmişdə qaldığını elan edən Azərbaycanın siyasi mövqeyinə qətiyyən uyğun deyil”.


Rus və erməni mətbuatında nə yazılmasından asılı olmayaraq, reallıq budur ki, 44 günlük müharibədəki qələbədən sonra Qarabağ iqtisadi rayonu rəsmiləşib və reallığı Azərbaycann özü yaradıb. elə Cənubi Qafqazda mövcud olan yeni reallığın nəticəsidir ki, bu gün tərəflər Qarabağla bağlı düşündükləri əsassız fikirləri yüksək səslə deyə bilmirlər.

Jalə