Ermənistanda siyasi təqiblər artır
Bölmə: Siyasət › ,Tarix: 21:04 26.07.2023
Ermənistanda insan hüquqlarının pozulması faktları hər ötən gün daha da artır.
Belə ki, Helsinki komitəsinin 2023-cu il üzrə açıqladığı hesabatda ölkənin məhkəmə sisteminin xaos içində olduğu, polis bölmələrində zorakılıq hallarının artdığı yer alıb. İş o yerə çatıb ki, Daxili İşlər Nazirliyi baş verənləri ört-basdır etmək üçün polis bölmələrindəki kameraların yığışdırılması haqqında qərar verib.
İkinci Qarabağ müharibəsindən sonra ölkədə qarışıq olan daxili siyasət daha xaotik hal alıb. Baş verən qanunsuzluqlarla bağlı faktları isə Ermənistanın Helsinki komitəsi 2023-cü il üzrə “İnsan hüquqları” hesabatında açıqlayıb.
Hesabata əsasən, böhran şəraitində İrəvanda siyasi təqiblər, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıq, məhkəmə hakimiyyətinin mənimsənilməsi, hakimiyyətin insan hüquqlarına hörmətsiz münasibəti artan dinamika ilə davam edir. Dövlətin əsas sütunlarından biri olan məhkəmə sistemində də xaos və özbaşınalıq hökm sürür.
Siyasi şərhçi Yeganə Hacıyeva deyir ki, 2023-cü ilin birinci yarısında hüquq-mühafizə sisteminin yüksək rütbəli məmurlarının da iştirak etdiyi polis tərəfindən çoxsaylı işgəncə və zorakılıq halları qeydə alınıb.
Aprelin 10-da Dilican polisinin cinayət axtarış şöbəsinin rəisinin içkili halda azyaşlını döyməsi kameralara düşüb. Vəkillər də Polis zorakılığının qurbanı olanlar arasındadır. Baş verən hadisələri ört-basdır etmək məqsədilə Ermənistanın Daxili İşlər Nazirliyi polis bölmələrində, Aİ-nin maliyyəsi ilə quraşdırılan kameraların yığışdırılması barədə qərar qəbul edib.
Digər yandan Ermənistanda ictimai, siyasi və hərbi xadimlərə qarşı siyasi motivli təqiblər də davam edir. Müxalifətçilərə qarşı müxtəlif siyasi motivlərlə cinayət işləri başlanıb. Insan hüquqlarının alçaldılması faktları bununla da məhdudlaşmır. Yüksək vəzifəli məmurların və ya onların yaxınlarının iştirakı ilə erməni vətəndaşlara qarşı zorakılıq halları da qeydə alınıb.
İlin ən mübahisəli hadisəsi isə Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanla 44 günlük müharibəsində ölən hərbçinin anası Qayane Hakopyan arasındakı insident olub. Əhali Hakopyana dəstək üçün çoxlu mitinqlər keçirib.
Öz vətəndaşlarına hörmət etməyən, onların hüquqlarını alçaldan hökümət, Qarabağda yaşayan ermənilərin taleyindən nigaran qaldığını deyir. Bütün bu sadalanan faktlar rəsmi İrəvanın ikiüzlü siyasətini dünya ictimaiyyətinə nümayiş etdirir.
Tamilla