Lukaşenkonun Rusiya səfərinin GİZLİ TƏRƏFLƏRİ

Bölmə: Siyasət › ,
Tarix: 21:09 26.07.2023

Belarus lideri Aleksandr Lukaşenkonun Rusiyaya işgüzar səfəri bəzi maraqlı detallarla diqqət çəkib.

 

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarını Sankt-Peterburq sahilində yerləşən Kronştadt adasına aparıb. Onların burada hərbi dəniz bazasına getmələri, həmçinin liderləri müşayiət edən şəxslərin kimliyi bir çox gizli mesajlarla yadda qalıb.

 

Belə ki, liderlər Sankt-Peterburqdakı Konstantinovski sarayında iki günlük danışıqlardan sonra Kronştadt adasına gələrək  burada dəniz katedralini ziyarət ediblər.

 

Sözügedən ada hərbi baxımdan çox əhəmiyyətli nöqtədə yerləşir. Bu gün də fəaliyyət göstərən hərbi dəniz bazası 102 il əvvəl - 1921-ci ildə Stepan Petriçenkonun başçılığı ilə Sovet dənizçiləri və əsgərlərinin bolşevik hakimiyyətinə qarşı üsyanının şahidi olub. Analitiklər düşünür ki, Putinin qonağını həmin adanı gəzintiyə aparması təsadüfi deyil. Onların fikrincə, 70 yaşlı Rusiya lideri bu addımı "Vaqner" üsyanından sonra güc və inam nümayiş etdirmək üçün atıb.

 


Kremlin rəsmi saytında dərc olunan fotolarda iki sima diqqət çəkib. Bunlar Müdafiə naziri Sergey Şoyqunun qızı Ksenya Şoyqu, digəri isə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovdur. 

 

Ada turunda Rusiya və Belarus liderlərini onlar da müşayiət edib. Putin kimi, Sankt-Peterburqdan olan "Vaqner"in rəhbəri  Yevgeni Priqojinin ən çox nifrət etdiyi adlar siyahısında müdafiə naziri  Sergey Şoyqu birinci yerdədir. Şəhərin qubernatoru Beqlov da Priqojinin şəxsi ədavətinin olduğu şəxslər arasındadır.

 

Daha sonra Putin və Lukaşenko Valaam adasına səfər gediblər. Sonuncu dəfə liderlər sözügedən adaya 2019-cu ilin iyulunda birgə yollanıblar. Bu dəfə onlar adadakı pravoslav monastırını ziyarət ediblər. Ladoqa gölündəki Valaam adasında yerləşən  monastır rus pravoslavları üçün böyük əhəmiyyəti olan məkanlardan biridir. İki lider monastırdakı Spaso-Preobrajenski kafedralını ziyarət edib, şamlar yandırıb və kilsə üzvləri ilə söhbət ediblər. Kilsənin çıxışında dövlət başçıları yerli sakinlərlə şəkil çəkdiriblər. Kremlin yaydığı kadrlarda xüsusilə Putinin qucağında uşaqla fotosu diqqət çəkib. Müharibə Araşdırmaları İnstitutunun səfərlə bağlı təhlilində qeyd olunub ki, bununla Kreml rəhbəri hələ də rus xalqının sevimli lideri olduğunu göstərmək istəyib. Həmçinin belə  simvolik jestlər onun Moskvada hakimiyyət uğrunda mübarizə aparan qruplaşmaların mövcudluğundan təhlükə duyduğunu açıq şəkildə nümayiş etdirir. Xüsusən, Ukraynada müharibənin başlamasından bəri Putin ictimaiyyət arasında görünməkdən uzaq durması ilə diqqət çəkib.

 


Müharibə Araşdırmaları İnstitunun təhlilində o da qeyd olunub ki, Aleksandr Lukaşenko "Vaqner" muzdlularını Belarusun mərkəzi hissəsində olan qərargahda yerləşdirib. Bu addım isə Putini narahat edir. Çünki üsyandan əvvəl "Vaqner" üzvlərinin əsas qərargahı Krasnodar şəhərində idi və Moskvadan 1370 kilometr aralıda yerləşirdi. Belarusdakı yeni baza Moskvadan cəmi 720 kilometr aralıdadır. Şübhəsiz, Putin və Lukaşenkonun görüşündə ən əsas müzakirə mövzularından biri məhz "Vaqner"lə bağlı olub. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. O bildirib ki, Kreml rəhbəri və belaruslu həmkarı iki günlük danışıqlarda "Vaqner" muzdlu qrupu, iqtisadi əməkdaşlıq, eləcə də xarici təhdidləri müzakirə ediblər.

 

Bənövşə