Moskva - Polşa əlaqələri pik HƏDDƏ
Bölmə: Siyasət › ,Tarix: 21:18 26.07.2023
Rusiya prezidenti Vladimir Putinin "Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir" deməsi iki ölkə arasındakı gərgin olan münasibətləri pik səviyyəyə çatdırıb. Bunun fonunda Putin artıq iddialarında bir qədər də irəli gedərək, Polşanın Ukraynanı işğal etmək niyyətində olduğunu bildirib.
Digər tərəfdən Rəsmi Varşavanın Minsklə sərhəddə qoşun cəmləməsi və əraziyə tanklar göndərməsi də, Polşanın Rusiya-Belarus cütünə qarşı müharibə eyhamınının açıq göstəricisidir. İndi dünya nə ilə qarşı qarşıyadır?
Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında deyib ki, Polşa Ukrayna ərazisini işğal etmək istəyir. Rusiya liderinin sözlərinə görə onlar NATO çətiri altında özlərinin tarixi ərazisi hesab etdiyi Qərbi Ukraynanı qoparmaq niyyətindədir. Hansı ki, bir zamanlar o torpaqlar İosif Stalinin polyaklara hədiyyəsi idi.
Söhbət II Dünya müharibəsindən sonra Polşanın sərhədlərinin yenidən müəyyən edilməsindən gedir. Kurzon xəttinin şərqində qalan torpaqları özünə saxlayan Sovet höküməti bunun əvəzində Almaniyanın tarixi ərazilərini Polşa sərhədlərinə qatdı.
Yeri gəlmişkən, ikinci dünya müharibəsi də Almaniya və SSRİ-nin Polşanı öz aralarında bölüşdürməyə başlaması ilə start götürmüşdü. Almaniya ilk addımı ataraq 1939-cu ilin sentyabrın 1-də, SSRİ isə sentyabrın 16-da Polşaya daxil olaraq hazırda, Ukrayna və Belarusa aid olan Kurzon xəttinin şərqindəki əraziləri işğal etdi. Bu, Polşa ilə Rusiya arasında ilk ərazi davası deyildi. Polşa Romanovlar imperiyasına qədər Reç Pospolita vasitəsilə Ukrayna və Belarusun çox hissəsinə nəzarət edib. İllər sonra Romanovların devrilməsindən sonra müstəqilliyini elan edən Polşa Qərbin dəstəyi ilə Qırmızı Ordunu məğlub edərək Bolşeviklərdən sülh müqabilində Belarus və Ukraynanın yarısını almağa nail oldu.
Putinin açıqlamaları 80-ci illərin sonlarında Polşada baş verən proseslərdən sonra postsosialist coğrafiyasında hansı dəyişikliklərə gətirib çıxartdığını xatırladır. Çünki Moskva oxşar hadisələrin təkrarlanmasını istəmir. Məsələ burasındadır ki, postsovet ölkələrindəki milli hərəkatların cücərməsi məhz Polşa nümunəsi üzərindən başlayıb. Analitiklərin fikrincə bu günün özündə də Rusiyada eyni proseslər yenidən məhz Polşada start götürəcəyinə dair xof var. Ancaq hər bir halda baş verə biləcək münaqişə təkcə Rusiyanı zəiflətməyəcək, ümumilikdə böhranı daha da dərinləşdirəcək. Varşava və Kreml arasındakı siyasi gərginlik Rusiya-Belarus cütü üçün müsbət ssenari vəd etmir. Belə ki, son günlər Polşanın Belarusla hərbi münaqişə planlaşdırması ilə bağlı şayiələr aktivləşib. Beynəlxalq analitiklərin fikrincə, bölgədə Ukraynadan sonra ikinci münaqişənin yaranması ehtimalı yüksəkdir. Hətta Moskva və Minsk Varşavadan gözlənilən təhlükəsizlik təhdidlərini ən yüksək səviyyədə bəyan ediblər. “Belarus müxalifətinin üzvləri Polşada yerləşib. Bu proseslərin beyin mərkəzləri və beyin axınlarının hamısı Polşa üzərindən idarə olunur və Belarus da bunu heç vaxt unutmur. Rəsmi Minsk əlinə düşən hər imkanda bunu istifadə etməyə çalışır. Ümumiyyətlə, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadakı proseslər fonunda dəfələrlə Polşaya təhlükəli çağırışlar edib və hədələyici mesajlar verib. Bunun ən kritiki isə bu günlərdə oldu. Lukaşenko deyib ki, “Vaqner”çilər Polşaya girmək istəsə də, Belarus dövləti onları güclə saxlayır. Amma bu baş versə belə, zərərçəkən tərəf Moskva və Minsk olacaq”.
Proseslər fonunda digər vacib məqam Rusiyanı növbəti müharibəyə cəlb etmək cəhdləridir. Analitiklərin fikrincə bu, Kremlin ağır olan vəziyyətini daha da ağırlaşdıracaq. Rusiyanın Ukraynaya daxil olmasından kənarda oxşar ssenarinin Polşada olmasını istəyən dairələr də var. Polşaya gəlincə, hələ 2009-cu ildə Polşanın keçmiş prezidenti Leh Kaçinski İkinci Dünya Müharibəsinin başlanmasının yetmiş illiyi ilə bağlı anım tədbirində alman işğalından iki həftə sonra Sovet ordusunun faşist Almaniyası ilə əldə edilmiş gizli razılaşmaya uyğun olaraq Polşanın şərqini işğal etdiyini deməklə Kremlə mesajını vermişdi. Kaçinski bununla Lıvovun Polşadan ayrılmasına işarə edirdi. Polşa və Rusiya tarixinin bu dövrü, ilə bağlı şərhlər fərqlidir.
Məsələ hər iki tərəf üçün həssasdır. Digər həssas məqam 1940-cı ilin ilk aylarında Sovet xüsusi xidmət orqanlarının Katin yaxınlığındakı meşələrdə 20 mindən çox polşa əsgərini öldürməsidir.Rəsmi MOskova 1990-cı illərə qədər bu qətliamı nasistlərin törətdiyini iddia edərək günahı öz üzərindən atsa da sonda məsuliyyəti üzərinə götürdü.
Bütün bunları nəzərə alaraq Rəsmi Varşava illərdir Rusiyaya qarşı özünü müdafiəyə hazırlaşır. 2015-ci ildə Polşa Rusiyaya məxsus Kalininqrad bölgəsi ilə sərhəddə müşahidə qüllələrinin tikintisini aparmağa başladı. hər birinin hündürlüyü 50 metr olacaq 6 qüllədən alınan videogörüntülər Polşanın sərhəd qoşunları komandanlığına ötürülməsi nəzərdə tutulurdu. 200 kilometrlik sərhəd xətti boyunca düzüləcək qüllələrin ümumi dəyəri 3, 8 milyon dollar proqnozlaşdırılırdı. Bu vəsaitin 75 faizi Avropa İttifaqının sərhəd fondundan ayrıldığı bildirilirdi.
Leyla