Çin və Tayvan arasındakı gərginlik yenidən pik həddə çatıb
Bölmə: Siyasət › ,Tarix: 16:34 21.08.2023
Avqustun 19-da Çin ordusunun komandanlığı Tayvan adası ətrafında döyüş hazırlığı təlimləri keçirmək üçün dəniz və hava qüvvələrini cəlb edib. Çinin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlim çərçivəsində ada dövləti blokadaya alınıb. Cavab tədbirləri olaraq Tayvan ordusu da hazır vəziyyətə gətirilib. Sakit Okean hövzəsində nə baş verir? Yeni müharibə ocağımı yaranır? Sualların cavabı bu araşdırmada...
Tayvanın ətrafında Çinə məxsus təyyarə və gəmilər görünüb. Tayvanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, son sutka ərzində Tayvan boğazı zonasında Çin Xalq Azadlıq Ordusunun 45 təyyarəsi və 9 gəmisi qeydə alınıb. Onlardan 27-si Tayvan boğazının median xəttini keçərək adanın hava hücumundan müdafiə sisteminin identifikasiyası zonasına daxil olub. Çinin Milli Müdafiə Nazirliyi isə ada ətrafında hərəkətliliyin sadəcə təlim olduğunu bildirib. Buna baxmayaraq, Tayvan höküməti silahlı qüvvələrə vəziyyəti izləmək və tələb olunarsa, bu hərəkətlərə cavab vermək tapşırığı verilib.
Ekspertlər bildirirlər ki, Çinin indiki məqamda belə bir addım atmasının səbəbi isə Tayvanın vitse-prezidenti Uilyam Lai ABŞ-a səfəridir. Üstəlik bu hadisə ilk belə hal deyil. Tayvan adası yaxınlığında keçirilən geniş miqyaslı hərbi təlimlərə xronoloji ardıcıllıqla baxsaq, əksər təlimlərin Tayvan və ABŞ arasında baş tutan görüşlərdən sonra baş tutduğunu görərik.
Tayvanlı jurnalist Ceyms Çater bildirib ki, ötən il Birləşmiş Ştatlar Nümayəndələr Palatasının sabiq spikeri Nancy Pelosi Tayvan adasına səfər edərək Tayvan Prezidenti Tsay İnvenlə görüşüb: "Eyni şəkildə yerinə gələn yeni spiker Kevin Makkarti də cari ildə Tsay İnvenlə bir araya gəlib. Hər iki hadisədən sonra isə Çin Tayvan adası ətrafında hərbi təlimlər keçirib. Məhz bu hadisələrin fonunda, Tayvanın vitse-prezidenti Uilyam Lainin ABŞ-a səfər etməsi və ardınca Çinin adayı mühasirəyə alması təəccübləndirici görünmür".
Ekspertlərin fikrincə, Çinin hər dəfə Tayvan və ABŞ arasında baş tutan görüşlərdən sonra ada yaxınlığında hərbi təlimlər keçirməsi isə səbəbsiz deyil. Belə ki, Pekin Tayvan məsələsinə üçüncü bir ölkənin müdaxilə etməsini istəmir. Buna baxmayaraq Birləşmiş Ştatlar Tayvana həm siyasi, həm də hərbi müstəvidə böyük dəstək olur. Bütün bunların fonunda Çində yenidən hakimiyyətə gələn Si Cinpin bu məsələyə xüsusi diqqət yetirir və Tayvanla Birləşmiş Ştatlar əlaqələrinin zəifləməsini istəyir. Lakin Tayvanda hakimiyyətin ABŞ yönümlü olması Pekinin önündə böyük əngəl yaradır. Hətta Tayvanda 2024-cü ildə keçiriləcək yeni prezident seçkisində ən real namizəd Uilyam Lainin də Birləşmiş Ştatlarla yaxın siyasi əlaqələrə sahib olması məsələni bir qədər də çətinləşdirir. Bu səbəbdən Pekin geniş miqyaslı hərbi təlimlər keçirtməklə Tayvanda keçiriləcək növbəti prezident seçkilərinə təsir etməyə və yeni gələn liderin ABŞ yönümlü olmamasına çalışır.
Siyasi şərhçi Orxan Nəbiyev hesab edir ki, bunun 2024-cü ildə Tayvanda prezident seçkilərinə necə təsir göstərəcəyi Tayvan xalqının seçimindən asılıdır: "Əgər Tayvan xalqı, Tayvan adasında məskunlaşan insanlar Çinlə artan gərginlik zamanı Çinə qarşı daha da millətçi mövqe istəyəcəklərsə, bu zaman daha çox radikal qüvvələr, populist qüvvələr, sağçı qüvvələr hakimiyyətə gələcək. Yox əgər tayvanlılar Çinlə hər hansı bir dialoq istəyəcəklərsə, bu zaman hakimiyyətə prezident seçkiləri nəticəsində daha mülayim qüvvələr gələ bilər".
Digər tərəfdən Birləşmiş Ştatlar Çinin addımlarını diqqətlə izləyir və məsələnin hərbi yolla həll edilməsini istəmir. Buna baxmayaraq, hər hansı müdaxiləyə qarşı Tayvana hərbi dəstək olur və adanın təhlükəsizliyi ilə xüsusi məşğul olur. Ekspertlər bildirirlər ki, Ağ Ev Pekinin Tayvanı ələ keçirməsinə qəti şəkildə razı olmayacaq.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirir ki, son illərdə məhz Tayvan ətrafında Çinlə ABŞ arasında da soyuq münasibətlər formalaşıb: "Gərginlik davam edib. Çin yaxşı bilir ki, Tayvana qarşı hərbi müdaxilələr edərsə ABŞ müharibəyə qoşula bilər. Ümumiyyətlə, ABŞ Tayvanın Çin tərəfindən işğal etməsini qəti şəkildə qəbul etmiyəcək. Əgər Çin bu kimi həmlələrini uzun müddət davam etdirsə, əlbəttə, Tayvan və ABŞ tərəfindən cavab addımları atıla bilər. Bu da təbii ki, Sakit Okean priferyasında böyük müharibənin başlanmasına gətirə bilər".
Bununla belə, Çin Tayvan məsələsinə görə Birləşmiş Ştatlar və müttəfiqlərinin müdaxiləsinə qarşı öz ittifaqını yaradır. Belə ki, Beynəlxalq Təhlükəsizlik üzrə 11-ci Moskva Konfransında çıxışı zamanı Çinin müdafiə naziri Li Şanfu bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri, Belarus və İranla hərbi sahədə əməkdaşlığın genişləndirməsini planlaşdırır. Nazir həmçinin qeyd edib ki, Tayvanda “odla oynayaraq” Çinin qarşısını almaq cəhdləri iflasa məhkumdur. Bütün bunlar isə Çin-Tayvan münaqişəsində kimin üstün tərəf olacağının bir növ Rusiya-Ukrayna müharibəsindən asılı olduğunu deməyə əsas verir. Rusiya müharibədə qalib olacağı təqdirdə Çinə verəcəyi hərbi dəstəklə Pekin, Tayvan və ABŞ-ə qarşı böyük üstünlük qazanmış olacaq.
Arzu