"Laçın" postundan ölkəni tərk edən separatçılar

Bölmə: Siyasət › ,
Tarix: 22:10 21.08.2023

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən 60-a yaxın erməniəsilli şəxsin sərbəst keçidi təmin edilib.

 

Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb, daha sora sərbəst hərəkətləri təmin olunub. Yeri gəlmişkən, bu erməniəsilli ailələr ölkəmizə qarşı hərbi əməliyyatlarda bilavasitə iştirak etməsələr də, qarabağlı ermənilərin separatizmini dəstəkləyənlər idi.

 

Laçın sərhəd buraxılış məntəqəsindən keçən erməni əsilli sakinlərin çantalarına, yüklərinə sərhədçilərimiz və gömrükçülərimiz ilə birlikdə baxış keçirilir, daha sonra onların keçidi tam olaraq maneəsiz şəkildə təmin edilir. Diqqəti çəkən isə sərhəd-buraxılış məntəqəsindən keçənlərin əksəriyyətində rus pasportlarının olmasıdır. Sirr deyil ki, zamanında ermənilərə Rusiya pasportları paylanılaraq, əhalisi arasında “rus icması” yaratmağa cəhd edilsə də Moskvanın Gürcüstanda, Ukraynada apardığı oyun Qarabağda keçmədi. Rusiya pasportunu almaq “xoşbəxtliyi”nə qovuşmuş qarabağlı ermənilər bu gün Ermənistana qaçırlar.

 

Siyasi şərhçi Xəyal Bəşirov deyir ki, artıq Azərbaycanın bu istiqamətdə atdığı addımlar həm beynəlxalq platformalarda, eyni zamanda elə Qarabağ ərazisində öz töhfələrini verməkdədir: "İlk öncə ordakı insanlar artıq gördüklər ki, Ermənistanın cinayətkar ünsürlərinin, Erməni diaspora və lobbi təşkilatlarının ayrı-ayrı ermənipərəsət dövlətlərin birliyinə baxmayaraq onların Azərbaycana qarşı reallaşdırmaq istədiyi bütün planların hamısı artıq uğursuzluğa düçar olmaqdadır. Və artıq onu da anlıyırlar ki, onların Azərbaycan ərazisində olması Azərbaycan üçün deyil, onların özləri üçün gələcəkdə təhlükə saçır. Bunu anladıqlarından Azərbaycan ərazisini tərk etməkdədilər".

 

İndi erməni əsilli ailələr seçim etməlidir. Belə ki, qanunlarımızla yaşamağı qəbul edənlər Azərbaycanda qala, inteqrasiyaya getmək istəməyənlər və ikili vətəndaşlıq daşıyanlar isə Laçın postundan ölkəmizi tərk edə bilərlər. Mövcud vəziyyəti yaxşı dərk edən separatçıların isə yenə də təxribatlara əl atmaq ehtimalları yüksəkdir.

 

Hərbi ekspert Elxan Şıxəliyev deyir ki, köç ərəfəsində yenə bizim mülki aviyasiyanın hərəkətlərinə mane olacaq mübarizə vasitələrini də hərəkətə keçirdirlər: "Bunun üzərindən Azərbaycan mütləq kəskin addımlar atmalıdır. Hərbi gücün və fəaliyyətlərin sıfırlanması üçün və yaxud hərbi iradəni biraz öncə təslimçiliyə vadar etmək üçün Azərbaycana başqa seçim də buraxmırlar. Həm bu köçün başlaması ilə yəni bizimlə bərabər yaşamaq istəməyənlərin getməsi üzərinə qərarların verilməsi ilə də paralel anti-terror əməliyyatının apaılmasına da bizi təhrik edəcəklər".

 

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Xankəndinə yönəlmiş diplomatiyası artıq reallaşır. Həmin diplomatiyanın əsas məqsədi isə orada yaşayan Erməni əsilli Azərbaycan vətəndaşı olacaq şəxslərin cəmiyyətə reintqrasiya prosesini həyata keçirmək idi. Bəli, qapılar açıqdır, “Laçın” postundan keçid - sənədlər qaydasındadırsa və hərbi cinayətlərdə iştirak faktı yoxdursa - sərbəstdir.