Niderland və Danimarka Ukraynaya "F-16" tədarük edəcək

Bölmə: Siyasət › ,
Tarix: 12:39 22.08.2023

Ukrayna Prezidenti Volodimir Zelenski ardıcıl olaraq Niderlanda və Danimarkaya səfər edib.

 

İnformator.az xəbər verir ki, səfər çərçivəsində Niderland baş naziri Mark Ryutte və Danimarka baş naziri Mette Frederiksen ilə görüşən Zelenskinin əsas məqsədi isə Ukraynaya “F-16” qırıcı təyyarələrinin tədarüküdür. Hətta görüşlərdən sonra Danimarka və Niderland Ukraynaya F-16 qırıcılarının göndərilməsinə razılıq verib. Hər iki ölkədə təlimlər başa çatdıqdan sonra Niderland 42, Danimarka isə 19 qırıcını Ukraynaya göndərəcək.

 

“Danimarka və Niderlandın verdiyi F-16 qırıcı təyyarələrini Ukrayna yalnız öz ərazisində istifadə edə bilər” deyən Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jesen bildirib ki, bu texnika Kiyevə yalnız düşməni ərazisindən sıxışdırmaq üçün verilir.

 

Ukraynanın uzun müddətdir F-16 qırıcılarını istəməsi və Zelenskinin bunun üçün ardıcıl səfərlər etməsi başa düşüləndir. Ordunun istifadəsinə veriləcək qırıcılar əks-hücumu sürətləndirməkdən daha çox, Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün gərəklidir. Belə ki, NASAMS hava hücumundan müdafiə sisteminin atəş məsafəsi, istifadə edilən raketin modifikasiyasından asılı olaraq, cəmi 20-40 km-dir və bu Rusiyanın hücumlarının qarşısını almaq üçün kifayət deyil.

 

Ekspertlərin fikrincə, F-16 qırıcılarının raket vurma potensialı Ukraynaya hazırda göndərilən havadan müdafiə sistemlərindən daha effektiv ola bilər. Hərbi ekspert İvan Kiriçevski bildirib ki, F-16 ilə raketlərin atəş məsafəsi ən azı 70 km-dir: "Bunlar köhnə modifikasiyalardır. Az-çox yenilərinin atəş məsafəsi 120, ən yeniləri ümumiyyətlə 180 km-dir. F-16 əks-hücumu sürətləndirmək üçün deyil, Rusiyanın raket hücumlarının yaratdığı problemləri minimuma endirmək məqsədilə lazımdır".

 

Keçmiş hava qüvvələri marşalı Qreq Baqvel hesab edir ki,  pilotların F-16-nın qırıcılarında digər təyyarələrə nisbətən daha çox uçuş təcrübəsi var: "Buna görə də Ukraynalı pilotlar ən az bir il bu qırıcılarla təlim keçərək təyyarə haqqında bir çox funksiyanı öyrənə bilirlər. Bu da döyüş zamanı istənilən vəziyyətin lehinə yaradılmasına köməklik edə bilər. Digər tərəfdən F-16-lar müasir qırıcı təyyarələrə nəzərən köhnə sayılsalar da müxtəlif modifikasiyalar sayəsində radar və silah sistemləri ən yeni qırıcılarla mübarizə apara biləcək səviyyəyə çatıb".

 

Maraqlıdır, Ukrayna F-16 qırıcılarını uzun müddət istəsə də, rəsmi Vaşinqtonun bu məsələdə yaşıl işıq yandırması uzun vaxt alıb. Co Baydenin daha əvvəl bu silahların Ukraynaya verilməsinə qarşı olması isə heç də səbəbsiz deyil. Ekspertlərin fikrincə, Bayden administrasiyası F-16 qırıcılarının Ukraynaya verilməsi ilə müharibəni daha da alovlandıracağını düşünürdü. Hətta indiki məqamda belə qırıcıların verilməsinin eskalasiyaya səbəb olacağını düşünənlər də var.

 

Ekspert İvo Dalder deyir ki, Baydenin Rusiya-Ukrayna müharibəsi ilə bağlı iki əsas prinsipi var: "Biri Ukraynanın müharibədə qalib gəlməsidir ki, bunun üçün əlindən gələn yardımı edir. Lakin digər tərəfdən Bayden Rusiya və NATO arasında hər hansı bir müharibənin olmasını istəmir. Bu səbəbdən müharibə başlayandan bəri Birləşmiş Ştatlar Ukraynaya yalnız Javelin, Patriot və digər müdafiə tipli silahlar göndərirdi. F-16 isə həm müdafiə, həm də hücum silahıdır. Bu isə Rusiya ilə NATO arasında gərginliyi artıra bilər. Bayden isə bunun olmasını istəmir".

 

Digər tərəfdən indiki məqamda bir çox dövlətin Ukrayna F-16 qırıcılarını göndərəciyini bəyan etməsi isə müharibədə bir növ yeni mərhələnin yaranacağını göstərir. Rusiyanın buna necə cavab verəcəyini və ya qırıcıların döyüş meydanında qüvvələr balansını hansı istiqamətdə dəyişəcəyini isə zaman göstərəcək.