Mal ətinin qiymətində bahalaşma müşahidə olunur
Bölmə: Siyasət › ,Tarix: 17:29 22.08.2023
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Ötən həftə 14 manata satılan ət bu dəfə 14 manat 50 qəpik - 15 manata satılır. Bahalaşmanın əsas səbəbini ot və yem qiymətlərinin artması ilə əlaqələndirirlər.
Alıcı Xatirə Məhərrəmova deyir ki fermerler, təsərüfatla məşğul olan insanlar istədikləri yemi əldə edə bilmirlər: “Qiymətlər o qədər qalxıb ki, istər-istəməz müəyyən qədər bahalaşmaya gətirib çıxardır. Yemin qiyməti qalxırsa demək ki, ətin də qiymətində bahalaşma olacaq”.
Digər bir alıcı Nigar Parənci bahalaşmanı çoxdan hiss etdiyini bildirir: “Ətin qiyməti hər yerdə fərqli qiymətədir. Məsələn, dünən xəbərlədə oxudum ki, bu məbləğdə dəyişiklik olub. Mən o məbləğə artıq 1 ildir ki, alıram. Müəyyən yerlər var ki, özləri süni olaraq qiyməti artırılar. Əti hər zaman aldığım yerdən müşahidə edirəm ki, bir ild ərzində təxminən 1 manata yaxın artım var”.
Alıcı Nazimə Qasımova deyir ki, əti çox sevsələr də qiymətdə artım var: “Məsələn 3 ay bundan öncə gəlmişdim maraqlanmağa. O zamankı qiymətlərə baxanda yenə də artım var. Məndə belə bir təssəvür var ki, ola bilsin mağazalarda daha ucuz olsun”.
Alıcılar kimi satıcılar da bu vəziyyətdən narahatdırlar. Çünki qiymətlər artıqca satış etmək çətinləşir.
Qəssab Azad Babayev hesab edir ki, ətin bahalaşması ancaq rayonlarla əlaqədardır: “Bakıda mal saxlanmır ki, rayonlara saxlanılır. Rayona da gedən də deyir ki, taxıl bahadı, ot bahadı, saxlamaq çətindi. 13 manata verirlər. Bura gətirənlər 50 qəpiyə işləyir. 1 manata da biz işləyirik. 1 manatla da bu əti yığmaq mümkün deyil. Alıcı yoxdur. Hamı deyir ki, ət bahalaşıb. Bahalaşdığına görə də alıcılıq qabiliyyəti aşağıdır”.
Qəssab Murad Zeynalov isə deyir ki, hazırda mal ətinin qiyməti 14 manat, 14 manat 50 qəpikdir: “O da Beyləqan, Ağcabədi mallarıdır. Bərdə malları yaxşı olduğuna görə onların qiyməti elədir. Hazırda vəziyyət ortadır. Demək olar ki, alıcılıq çox zəifdir. Hesab edirəm ki, alıcıların çoxu rayondadır, istirahətdədir, bağlardadır”.
İqtisatçı Xalid Kərimlinin sözlərinə görə, ətin qiymətinin artması həm də idxal olunan bəzi məhsullarla əlaqəlidir: “Hər bir kiloqram ətin maya dəyərinin 65-70 faizini yem faktoru təşkil edir. Yemin tərkibinə baxsaq görəcəyik ki, soya, arpa, müxtəlif dərmanlar və s təşkil edir. Bunların hamısını xaricdən idxalı edirik və yaxud bu yem komponentlərinin qiymətləri dünya bazarında formalaşır. Bu məsələdə daxili idxalın da rolu var. Əgər biz idxala baxsaq görərik ki, statiska son 6 ayda ölkəyə mal əti idxalının 2.6 dəfə bahalaşdığını deyir”.
Onu da qeyd edək ki, ətin qiymətinin bahalaşmasının bir digər səbəbi mövsümi faktorlarla da bağlıdır. Yayda restoranların, istirahət mərkəzlərinin ətə olan tələbatı ətin dəyərinin artmasına səbəb olan amillər arasındadır. Yaxın vaxt ərzində isə ucuzlaşma gözlənilmir.
Sona