Vaşinqtonun Əfqanıstanda "Sonsuz Azadlıq" əməliyyatı nə ilə nəticələndi?
Bölmə: Siyasət › ,Tarix: 17:45 22.08.2023
20 il əvvəl, məhz 2003-cü ilin avqustunda ABŞ hakimiyyəti NATO müttəfiqlərini Əfqanıstana hərbi missiya göndərməyə inandıra bildi. O andan etibarən Vaşinqtonun 776 milyard dollardan çox xərclədiyi “Sonsuz Azadlıq” əməliyyatı başladı. Nəticədə 365 mindən çox əfqan öz evlərini tərk etmək məcburiyyətində qaldı.
Əfqanıstanın işğalına təşəbbüs göstərən Vaşinqton əsas məqsədinin “Əl-Qaidə” terror təşkilatı liderlərinin ələ keçirilməsi və Taliban hərəkatının devrilməsi olduğunu açıqladı. ABŞ-da baş verən faciədən sonra NATO ölkələri alyans tarixində ilk dəfə olaraq beşinci maddəni qüvvəyə mindirdi. Halbuki, ilkin mərhələdə əslində əməliyyata yalnız ABŞ rəhbərlik edirdi. 2001-ci ilin noyabrına qədər Kabil süqut etdi, Taliban tərəfdarlarının bir hissəsi qonşu Pakistana, digər qismi isə dağlara qaçdı. Onlar arasında Əl-Qaidə lideri Usamə bin Laden də vardı. Zaman keçdikcə Əfqanıstana göndərilən hərbçilərin sayı da artdı: əvvəlcə əsgər sayı 5 minə yaxın idisə, 2011-ci ildə onların sayı 132 min 500-ə çatdı.
Sabiq ABŞ Prezidenti Barak Obama məqsədlərinə çata biləcək bir öhdəlik götürməli olduqlarını bildirib: “Bir neçə aydır tələb olunan 17 min əsgərin yerləşdirilməsinə artıq əmr vermişəm. Bu əsgərlər və dəniz piyadaları cənubda və şərqdə talibana qarşı döyüşə başlayacaq və bizə əfqan təhlükəsizlik qüvvələri ilə tərəfdaşlıq etmək və sərhəd boyunca üsyançılara qarşı mübarizədə daha böyük imkan verəcək”.
Ancaq 2018-ci ildə vəziyyət nəzarətdən çıxdı. Talibanın təsiri demək olar ki, ölkənin 20 faizini əhatə etməyə başladı. Əfqanıstan ərazisinin daha 22 faizi də faktiki olaraq hökumətin nəzarətində deyildi. Obama 2017-ci ildə prezident postunu tərk edəndə hər kəsə aydın oldu ki, ABŞ kontingentinin Əfqanıstandan çıxarılması vədi hələ reallıqdan uzaqdır. Onun varisi Donald Tramp da vəzifəyə başlayanda amerikalı döyüşçüləri vətənə gətirəcəyinə söz versə də, daha sonra bu ideyadan əl çəkməli olub.
ABŞ-ın ən uzun müharibəsinə son qoymaq missiyasını hazırkı Ağ ev rəhbəri Co Bayden reallaşdırdı. Qoşunların çıxarılması rəsmi olaraq avqustun 30-u 2021-ci ildə başa çatdı. ABŞ Konqresinin 2021-ci ildə açıqladığı məlumata görə, 2001-ci ildən bəri NATO beynəlxalq hərbi koalisiyasının itkiləri 3,5 min nəfərdən çox olub. Onların 2,4 mindən çoxu isə amerikalılardır.
Bu gün isə Əfqan xalqı müharibədən dağılmış iqtisadiyyatını bərpa etməkdə böyük çətinliklərlə üzləşir. Üstəlik sanksiyalar tərəqqiyə mane olur və mövcud çətinlikləri daha da gücləndirir.
BMT hesabatına görə, Əfqanıstanda 30 milyona yaxın insanın köməyə ehtiyacı var. Bu, tarixi rekorddur. Lazım olan humanitar yardımın həcmi 4,6 milyard ABŞ dolları təşkil etsə də, tələb olunan vəsaitin beş faizindən də azı daxil olub. Belə böyük maliyyə çatışmazlığı fonunda Vaşinqton hələ də Əfqanıstan mərkəzi bankının xaricdəki aktivlərini qaytarmaqdan imtina edir.
Arzu