Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycana "ögey" münasibəti - SƏBƏBLƏR

Bölmə: Siyasət › ,
Tarix: 18:17 22.08.2023

1963-cü il fevralın 9-da humanitar məqsədlərlə yaradılmış Beynəlxalq Qırmızı Xaç Komitəsinin (QXK) Azərbaycana qarşı ögey münasibətindən bəhs edəcəyik. Adı humanitar olsa da, prinsipləri ilə əməlləri heç də üst-üstə düşməyən təşkilat Ermənistanın maraqlarını müdafiə edən quruma çevrilib desək, yanılmarıq. Özünü müstəqil, tərəfsiz, qərəzsiz təşkilat hesab edən komitə Azərbaycana münasibətdə bu əsas prinsipləri pozmaqdan, qanunazidd hərəkətlər etməkdən çəkinmir.


Birinci Qarabağ müharibəsində 4 min nəfərə yaxın azərbaycanlı Ermənistanın  təcavüzü nəticəsində itkin düşsə də, ötən 30 illik dövr ərzində onların aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin susqunluğu diqqət çəkib. Siyasi şərhçilər hesab edir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların qalıqları, onların harda basdırılması haqqında dəqiq koordinantlar Beynəlxalq Qırmızı Xaç Komitəsində var. Hətta 1990-cı illərdə komitə 54 nəfər azərbaycanlı əsirlə bağlı araşdırma apararaq onlardan 17-nin meyitinin Azərbaycana təhvil verilməsində iştirak edib. Ancaq siyahıda olan 37 nəfərin taleyindən bu günə kimi xəbər yoxdur. 


Siyasi şərhçi Məhəmməd Əsədullazadə belə hesab edir: “Biz kütləvi məzarlıqlar aşkarlayırıq - Xocavənddə, Şuşada. Məhz Qırmızı Xaçın birbaşa vəzifəsi idi ki, Azərbaycan dövlətinə onunla bağlı məlumatlar versin. Biz görürük ki, QXK öz humanitar missiyasından kənar çıxıb, məhz Ermənistanın Azərbaycana qarşı siyasətində yer alıb. Biz bunu Laçın yolundan qanunsuz istifadə də görürük. Konkret olaraq onların Xankəndidəki bürosu var. Yerevana deyil Bakıya tabe olmalıdır”.



Beynəlxalq Qırmızı Xaç Komitəsinin son günlər regiondakı fəaliyyəti isə Ermənistanın maraqlarını müdafiə etmək, rəsmi İrəvanın mövqeyini qorumaqdır. Əbəs yerə deyil ki, Laçın postundan humanitar keçid adı altında komitənin maşınlarında benzin, siqaret, mobil telefonın qaçaqmalçılıq yolu ilə daşınması halları müşahidə edilib. Bu azmış kimi, 1991-ci ildə Meşəli soyqırımını törətmiş müharibə cinayətkarlarından, ən amansız qatillərindən olan Vaqif Xaçatryanın da komitəyə məxsus avtomobildə Xankəndidən Ermənistana keçirilərkən Azərbaycan sərhədçilərinin saxlaması qurumun əsl üzünü ortaya çıxartdı.

Siyasi şərhçi Yeganə Hacıyeva deyir ki, BQXK istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində Ermənistanın xeyrinə kəşfiyyat məlumatlarının toplanması ilə bağlıdır: “Azərbaycan ordusunun dislokasiya məlumatlarının toplanması, bunu özlərinin mərkəzi ofisi olan Fransaya ötürülməsi, Fransa vasitəsilə də məhz Ermənistana ötürülərək Azərbaycan ordusunun faktiki olaraq, dislokasiyasını qarşı tərəfə ötürərək onların məhv edilməsinə səbəb olub”.

Baş verən hadisələr fonunda artıq Azərbaycan dövlətinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə etimadı itib. İstər hərbi, istərsə də siyasi arenada daha da güclənən Azərbaycan prosesləri birbaşa özü idarə edir. 

 

Cavid