Hindistandan Körfəzə, oradan da Ermənistana uzanan hərbi tranzit xətti

Bölmə: Siyasət › ,
Tarix: 18:27 22.08.2023

Hər vəchlə sülh prosesinə maneə olan Ermənistan sürətlə silahlanır. Başda Fransa olmaqla İrəvanın bu yolda bir sıra dəstəkçiləri də var. Bu ölkələrdən biri də Hindistandır. İrəvanla milyon dollarlıq hərbi saziş imzalayan Delhi razılaşdırlan silahları artıq Ermənistana yola salıb. İran vasitəsilə Ermənistana daşınan silah-sursatın regionda gərginliyi artırması isə qaçınılmazdır.

Açıq və gizli şəkildə silahlanmağa davam edən rəsmi İrəvanın Hindistandan tədarük etdiyi sursat təyinat nöqtəsinə aparılır. Belə ki, “Bəndər Abbas” limanından göy çadırla gizlədilərək daşınan hərbi yüklü maşınların yenidən İran yollarında olduğu üzə çıxıb. Sözügedən avtomobillər “Nurduz” sərhəd-keçid məntəqəsindən sonra indi də Təbriz-Mərənd yolunda görüntülənib. 400 milyon dollarlıq hərbi tərəfdaşlıq müqaviləsinin bir hissəsi olan daşımaların hansı hərbi-texniki seqmentə aid olduğu bilinməsə də,ehtimallar olduqca çoxdur. İlkin ehtimallara görə daşınan yüklər ötən il Qandinaqarda DEFEXPO 2022 çərçivəsində baş tutan ikitərəfli görüşdəki razılaşmaya aid silah-sursatlardır.   

 

"Pinaka" reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə "Konkurs" raket kompleksləri, 80 millimetrlik minaatanların olduğu razılaşmaya növləri qeyd olunmayan digər silahlar da daxildir. Lakin Hindistan mediasında yayılan məlumatlara nəzər yetirdikdə yüklərlə bağlı səsləndirilən fikirlərin heç də qeyri-real olmadığı görünür. Məlumatlara görə, Ermənistan oktyabrın sonuna kimi müqaviləyə daxil olan "Pinaka" çoxlüləli reaktiv yaylım atəş sistemləri, raketlər, döyüş sursatları almalıdır. Hindistanın "Pinaka" hava hücumundan müdafiə sisteminin ilk xarici alıcısı olan İrəvanın bu müqavilə çərçivəsində ödəcəyi məbləğ 250 milyon dollardır. Maraqlısı isə odur ki, Hindistanın media orqanları "əsrin sövdələşməsi" adlandırdıqları bu razılaşmadan danışarkən bunun Ermənistanla Azərbaycan arasındakı gərginlik nəticəsində baş verdiyini gizlətmirlər. İrəvanın sürətlə silahlanmasını şərh edən ekspertlər Ermənistanın, eləcə də müttəfiqlərinin bu addımlarının regionda vəziyyəti gərginləşdirməyə səbəb olacağı fikirindədir.
Siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, Hindistanın Ermənistanı silahlandırması bölgədə gərginliyi artırmaqla nəticələnəcək: “Təbii ki, silahlandırma sülh və sabitlik üçün nəzərdə tutulmayıb. Ermənistanın silahlanması regionda gərginliyi artıracaq. Hindistan da özünü regionda göstərmək üçün Ermənistanı seçir. Çünki Ermənistan regionda ən zəif dövlətdir. Ona görə də ondan istifadə edir”.

Sözsüz ki, diqqət çəkən əsas məqamlardan biri də hərbi yüklərin məhz İran vasitəsi ilə daşınmasıdır. Regionda sabitliyi pozmağa hesablanan İrəvanın avtomobil karvanları üçün İranı seçməsi onun regionda dalana dirəndiyini göstərir. Hərbi yüklərin daşınmasında Ermənistan İranı "xilaskar" kimi görür. Çünki rəsmi İrəvan 44 günlük müharibədən də çox yaxşı bilir ki, o heç bir halda Gürcüstanla olan sərhəddindən bu məqsədlə istifadə edə bilməz. Ermənistan müharibə zamanı rəsmi Tbilisinin sərhədi bağladığını, Rusiyadan silah daşınmasına imkan vermədiyini unutmayıb. Buna görə də hərbi revanş istəyən Ermənistan Tehranın köməyilə silahlanır. Analitiklər molla rejiminin İrəvanın silahlanmasında tranzitə çevrilməsinin təəcüblü olmadığını deyirlər. Tədarüklərin İrandan keçməsi cənub qonşumuzun artıq çoxdandır ki, Azərbaycana münasibətdəki riyakarlığının açıq formasıdır.


Ermənistanın bu ilki dövlət büdcəsinə 6 milyard dollardan çox vəsait ayırması, üstəlik hərbi xərclərini rekord həcmdə- 1 milyard dollardan çox nəzərdə tutması silahlanmaya xüsusi yer ayıracağından xəbər verirdi. Bura Ermənistana İrandan, Rusiyadan və Fransadan hədiyyə edilən silahları, erməni diasporunun dəstəyini də əlavə etmək lazımdır. Silahlanmada Fransa və İranın Ermənistana kömək etməsi, Rusiyaya tətbiq edilən sanksiyalardan İrəvanın milyardlar qazanmasına göz yumulmasının hədəfləri də olduqca aydındır. Belə olduqda regionda baş verən istənilən təxribatın arxasında kimin dayandığını ayırd etmək o qədər də çətin deyil.