Ermənistan istiqamətində növbəti dəfə 60-dək şəxsin sərbəst keçidi təmin edildi

Bölmə: Siyasət › ,
Tarix: 07:13 23.08.2023

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Həmin avtomobillər vasitəsilə 30 yaxın erməni əsilli ailə keçid edib.

Növbəti dəfə 60-a yaxın şəxsin Ermənistan istiqamətinə sərbəst şəkildə keçidi təmin edilib. Əvvəlcə sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Avtomobillər isə xüsusi təlim itləri vasitəsilə yoxlanılıb, nəqliyyat vasitələrinin yük yerlərindəki əl çantalarının içərisinə isə ayrıca baxış keçirilib.

 

Avtomobillərin hərəkəti zamanı hər hansı bir maneə qeydə alınmayıb. Maneəsiz və tam problemsiz şəkildə hərəkətləri təmin olunub. Ermənistan tərəfinin mütəmadi olaraq yolun blokadada olmasına dair əsassız iddialar əksinə heçbir maneə yoxdur.  

 

Azərbaycanın erməni vətəndaşlarının təhlükəsiz keçidini təmin etdiyi bir zamanda Ermənistan silahlı qüvvələri təxribatlara əl atır. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı alınıb. Bu son üç ayda qeydə alınan ilk hal deyil. Düşmən dəfələrlə fortifikasiya qurğuları quraşdırmağa cəhd edib.

 

Hərbi ekspert Yaşar Aydəmirov bildirib ki, orada texniki müşahidə vasitələri qoyulur: “İstər o ştatda olan, istərsə də olmayan nəyi tapıblarsa həm öz qoşunlarına, həm də Azərbaycan ordusunun fəaliyyətinə nəzarət eləmək üçün onlar o işi görürlər. Sözsüz o cür texniki imkanlar onlarda o səviyyədə güclü deyil ki, onlar Azərbaycan ordusunun fəaliyyətlərini hər yerdə nəzarət edə bilsinlər. Təmas xəttində duranlar var. Həm dövlət sərhəddində, həm də ermənilərin burada sülhməramlıların qabağında bizim qoşunlar durub. Məqsəd onların hərbi vəziyyətini izləməkdir. Müşahidələr nəticəsində bizə bəlli oldu ki, mühəndis istehkam qurğuları qurulub”.

 

Məsələnin başqa tərəfi qeyri-qanuni erməni hərbi birləşmələrinin fortifikasiya qurğularını Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə quraşdırmağa cəhd etməsidir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, son günlər dırnaqarası sülhməramlıların Qarabağda separatçıların hərbi yüklərini müşayiət etməsi də intensivləşib. Bu himayəyə arxayın olan separatçılar nəinki döyüş mövqelərini möhkəmləndirməyə, eyni zamanda yeni istehkamlar yaratmağa çalışırlar. Nazirliyinin yaydığı kadrlardan həmçinin görünür ki, separatçıların mövqelərinə təchizatların çatdırılmasını Rusiya “sülhməramlıları” müşayiət edir.

 

Qısası, müvəqqəti nəzarətimizdən kənarda qalan torpaqlarımızda “sülhməramlılarla qeyri qanunu erməni hərbi birləşmələrinin əməkdaşlığı genişlənir.