Rusiya ərazilərinə dronlarla hücum edilir
Bölmə: Siyasət › ,Tarix: 08:22 23.08.2023
Moskva da daxil olmaqla Rusiyanın müxtəlif bölgələrinə davamlı olaraq dron hücumları edilir. Əvvəllər belə hücumlara az rast gəlinirdisə, bu, indi artıq adi hala çevrilib. Hədəf seçilən regionların arasında Moskva vilayəti xüsusilə seçilir. Maraqlı məqam ondan ibarətdir ki, PUA-ları hava hücumundan müdafiə qüvvələri zərərsizləşdirsə də onlar paytaxta kimi gəlib çata bilirlər. Bu isə o deməkdir ki, hökumət binaları, kritik infrastrukturlar və əhali də daxil olmaqla, Moskva potensial hücuma məruz qala bilər.
Hərbi ekspert Ramil Məmmədli bildirib ki, bu cür uçuş aparatlarının demək olar ki, böyük hissəsi 200, 300, 400 km məsafədə, hətta daha çox uçuş həyata keçirə bilirlər: “Bu baxımdan həmin PUA-ların Ukrayna ərazisindən buraxılması istisna olunmur. Müəyyən kəşfiyyat qruplarının Rusiyanın dərinliklərinə daxil olaraq həmin PUA-ların oradan buraxılması da real görülür. Lakin onlar iri Pualar və uçuş aparatları deyil”.
Moskva Ukrayna sərhədindən 500 kilometr aralıda yerləşir və Rusiyanın Ukraynaya qarşı 2022-ci ilin fevralından başlatdığı və indiyə kimi davam edən müharibə boyu paytaxta edilən hücumlar çox nadir hallarda baş verib. Moskva da daxil olmaqla son bir neçə ay ərzində ölkənin müxtəlif bölgələrinə edilən dron hücumlarına görə Ukraynanı ittiham edib. Ən səs-küylü dron hücumu isə mayda qeydə alınıb. Həmin vaxt Rusiya Ukraynanı Moskvanın ürəyi hesab edilən Kremlə iki dron hücumu etməkdə günahlandırmışdı. Lakin rəsmi Kiyev Kremlə hücumu və ya Prezident Vladimir Putinin hədəf alınması ilə bağlı Moskvanın iddialarını rədd etmişdi.
Politoloq İsmail Cingöz hesab edir ki, Rusiya hava qoruma sistemlərinə yatırım edərkən dron tipli silahlardan qorunmaya yatırım etməyərək ciddi səhvliyə yol verib: “Məlum olduğu kimi Rusiya hava qorunma sistemlərində S 400 və S 500 qoruma sistemləri ilə çox qüvvətli ikən dron məsələlərində zəif olduğu və bununla əlaqəli olaraq istehsal üçün Çin və Rusiya ilə anlaşma halında olduğu məlum olur”.
Dronun Moskva regionuna qədər gəlib çıxması, təbii ki, paytaxt sakinlərinə psixoloji təsir edir. Müşahidəçilərin dediyinə görə, müharibənin döyüş bölgəsindən yüzlərlə kilometr uzaqda olan Moskvada hiss edilməsi qeyri-mümkündür. Buna baxmayaraq yanvarın sonlarında Moskvada bəzi yaşayış binalarının üzərində hava hücumundan müdafiə sistemləri qurulandan sonra bəzi sakinlər sosial mediada narahat olduqlarını və bunu mümkün təhlükə kimi qəbul etdiklərini bildiriliblər. İndi isə belə bir təhlükə fərziyyədən reallığa çevrilib.