“Aratyunyanın çıxışları Azərbaycanın maraqlarına xidmət etmir”- Milli Məclisin üzvü Ağdam-Xankəndi yolu ilə bağlı DANIŞDI

Bölmə: Siyasət › ,
Tarix: 17:36 23.08.2023

   "Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Laçın sərhəd-buraxılış məntəqəsiylə bağlı qaldırdığı müzakirədən sonra yeni situasiya yaranıb ki, Azərbaycan növbəti dəfə Ermənistanın bu avantürasının qarşısını alıb, ona ciddi diplomatik zərbə vurub. Bu situasiyadan nəticə çıxarmağa çalışan Ermənistan və seperatçı rejim indi müxtəlif məkrli addımlar atmağa cəhd göstərir”. Milli Məclisinin deputatı Fəzail Ağamalı İnformator.az saytına açıqlamasında Araik Aratyunyanın Ağdam-Xankəndi yolunun açılmasıyla bağlı fikirlərinin heç də xoşmənalı olmamasını deyir.   Bildirir ki, onlar Laçın yolunun tamamilə sərbəst olmasını, bu yol vasitəsilə Ermənistandan bütün yüklərin Qarabağda ermənilərin yaşadığı ərazilərə daxil olmasını istəyirlər. “Ermənilər Ağdam-Xankəndi yolundan Xankəndiyə və ermənilərin yaşadığı digər məntəqələrə guya "humanitar" yardımların göndərilməsi üçün istifadə edəcəklərini iddia edirlər. Lakin bu reallığı əks etdirməyən fikirdir. Ermənilərin Laçın yoluna hər növ girişi qadağandır” deyən Milli Məclisin üzvü deyir ki, bu, Azərbaycanın prinsipal, qətiyyətli və dəyişməz mövqeyidir. Azərbaycan digər ölkələrə quru sərhədi bağlı olduğu halda erməni sivillərinin hərəkət etməsinə imkanlar yaradıb. “Bu da Azərbaycan Respublikasının etdiyi ən böyük güzəştdir. Lakin dövlətimiz heç bir zaman Ermənistanın Laçın yolundan sərbəst şəkildə istifadə etməsinə imkan verməyəcək. Çünki bu hal Azərbaycanın ərazi bütövlüyünə təhdid, Ermənistanın ərazi iddialarından əl çəkməməsi deməkdir. Azərbaycan buna heç vaxt imkan verməyəcək”. Fəzil Ağamalının sözlərinə görə, Azərbaycan dövlətinin mövqeyi birmənalıdır. Ermənistan bu mövqeyi nəzərə almalıdır. Almasa, Azərbaycan bütün imkanları və potensialı ilə öz dövlət maraqlarını həyata keçirmək niyyətindədir və bunu etmək üçün Azərbaycanın bütün imkan və potenisialı var. “Araik Aratyunyanın bu cür çıxışları onların düşmüş olduğu ağır faciədən qidalanan, sona qədər Azərbaycanın maraqlarına xidmət etməyən yanaşmadır. Təbii ki,heç bir halda mövqeyi dəyişmək olmaz. Azərbaycanın Ermənistan və separatçı xunta rejiminə ünvanladığı mövqe qəbul olunmalıdır. Ermənistan tezliklə seperatçı rejimə bütün yardımlarını dayandırmalıdır. Orada yaşayan etnik Azərbaycan vətəndaşı olan ermənilərə Azərbaycanın ərzaq və tibbi yardım göstərməsində heç bir problem yaranmır. Azərbaycan bu gün dünyanın ən nüfuzlu, hörmət sahibi dövlətlərindən biridir”.

   Fəzail Ağamalının sözlərinə görə, Azərbaycanın 30 min erməninin ehtiyacını ödəmək üçün hər hansı bir problemi yoxdur. Ona görə də Ermənistanın yardımlarına ehtiyac yoxdur. “Ermənistandan heç bir yardım Qarabağa getməli deyil və öz büdcəsindən xunta rejiminə vəsait ayrılmamalıdır. Əgər ayırarsa, deməli hələ də seperatçı rejimi dəstəkləyir və onu qidalandırır, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarından əl çəkməyib. Eyni zamanda Ermənistandan gələn qaz və elektrik enerjisi, digər bu tip yardımlar kəsilməlidir”.

 

NƏZRİN