Terroçularla mübarizədə Azərbaycan hansı yeni addımlar ata bilər?
Bölmə: Siyasət › ,Tarix: 19:17 23.08.2023
Xankəndidə Karen Matevosyan adlı hərbi cinayətkar ətrafına bir qrup silahlı şəxsi toplayaraq etnik azərbaycanlılara qarşı düşmənçilik və nifrət dolu videomüraciət edib. Müraciətdə reinteqrasiya prosesinə mane olmaq və burada yaşayan ermənilərin silahlandırılmasını təşviq edəcək ifadələr səsləndirilib. Separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb. Bəs həmin şəxs kimin tapşırığı ilə belə bir addım atıb? Terroçularla mübarizədə Azərbaycan hansı yeni addımlar ata bilər?
Xankəndidə yaşayan və özünü Karen kimi təqdim edən şəxs avqustun 21-i informasiya resurslarında rus dilində videomüraciət yayımlayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətdə Qarabağda yaşayan erməniəsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq müstəqil “Artsax Respublikası” kimi adlandırılıb. Matevosyan “Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu bildirib. O, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməniəsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovun sözlərinə görə, özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimli şəxsin aşkar suətdə internet resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin aşılanmasına yönələn hərəkətlər etməsi müəyyən edilib. “Qeyd olunanlara əsasən avqustun 22-i Azərbaycan Respublikasi Baş Prokurorluğu tərəfindən fakta görə cinayət məcəlləsinin 279.1 və 283.1-ci maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir”.
Politoloq Məhəmməd Əsədullazadə deyir ki, təbii ki, belə separatçı çağırışlar heç nəyi dəyişməyəcək. Əksinə vəziyyəti çətinləşdirəcək və separatçılara qarşı Rəsmi Bakının daha sərt mövqe sərgiləməsi ilə nəticələnəcək. Həmçinin Qarabaqda qalan ermənilər təxribatları ilə reinteqrasiya prosesini dəyişmək gücündə deyillər. Regionda yeni bir siyasi nizam yaradılıb və bu nizamı pozmaq istəyənlər hüquqi şəkildə cavab alacaqlar. Bu dırnaqarası qrupun atdığı addımı yəqinki Azərbaycana zamanı gələndə nəzərdən keçirəcək. “Karen adlı silahlı cinayətkarın bu kimi açıqlamalar verməsi, hətta oradakı qondarma rejimi də devirməyi həyata kecirmək istəyir. Düşünürəm ki, Azərbaycan lazımi addımları atacaq. Artıq bu cinayətkarların sonu yaxınlaşıb və onlar yolun sonuna gəldiklərini yaxşı bilirlər. Və düşünürəm ki, Vaqif Xaçaturyan kimi hərb cinayətkarlar bir müddət sonra həbs olunacaqlar və Azərbaycan reinteqrasiya prosesini uğurla həyata keçirəcək. Sonda Xankəndidə Azərbaycanın bayrağı dalğalanacaq. Proses bu istiqamətdə gedir”.
Görünən odur ki, Qarabağda hadisələrin inkişafını 1988 - 1990-cı illərlə səhv salan Karenlər hələ də mövcuddur. Azərbaycanda isə belə şəxslərə və çağırışlara qarşı artıq immunitet formalaşıb. Səbr edir, zamanı gələndə cəzalandırır. Buna ən gözəl nümunələrdən biri də Vaqif Xaçaturyan ola bilər.
LƏMAN