"Ermənilər yeni planlarını ASALA və digər terrorçu qrupların köməyi ilə həyata keçirir"

Bölmə: Siyasət › ,
Tarix: 19:29 23.08.2023

  Tarixən Ermənistan müxtəlif türk diplomatlara, dövlət xadimlərinə qarşı terror siyasəti həyata keçirib. Diplomatik masadakı sonuncu məğlubiyyətlərdən sonra haylar bu ənənəni davam etdirməyə qərar veriblər. Son dövrlərdə ermənilərin sosial şəbəkələrdə fasiləsiz şəkildə Azərbaycanofobiya siyasətinin təzahürü olan paylaşımların edilməsi də bunun sübutudur.

  Son günlərdə sosial mediada azərbaycanlı dövlət nümayəndələri və diplomatların hədəf alınmasına dair ermənilərin etdiyi paylaşımlar kütləvi hal alıb. Narahatedici faktlarla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili də bəyanat yayıb. Bildirilib ki, etnik nifrət çağırışları, terroryönümlü fikirlər erməni əhalinin dəstəkləməsinə gətirib çıxarır. Siyasi şərhçi Oqtay Qasımovun sözlərinə görə, Ermənistanda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşdırılmasına xidmət edir. Bu isə təəccüblü deyil. Çünki rəsmi İrəvan terroru dövlət siyasətinə çevirib. Hərbi ekspert Elmar Hüseyn isə deyir ki, sosial medaida edilən belə paylaşımlarda aktivliyin artması ermənilərin beynəlxalq arenada alığı siyasi və diplomatik zərbələrlə bağlıdır. Humanitar şou adı verdiyi tamaşa ilə bir sıra mötəbər təşkilatlarda məğlubiyyətə uğrayan İrəvan qisasını belə kampaniyalarla almağa çalışır. “Ermənilərin yeni planlarını ASALA və digər terrorçu qrupların köməyi ilə həyata keçirməsi ehtimalı da yüksəkdir. Əslində, sözgedən qruplar erməni diasporunun diktəsi ilə müxtəlif ölkələrdə gizli şəkildə, tapşırıqlar əsasında fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə yayılan sonuncu hədə-qorxular da sözügedən qrupların yeni tapşırıqlar aldığına, bunun nəticəsində də aktivləşəcəyinə işarə ola bilər”.

  Ermənilərin insan hüquqlarına zidd olan bu çağırışları aidiyyəti beynəlxalq təşkilatların da ciddi tədbirlər görməsini zəruri edir. Beynəlxalq hüquq üzrə ekspert Həcər Qasımovanın sözlərinə görə, çünki dövlət rəsmiləri, diplomatik nümayəndəliklərinin əməkdaşlarının təhlükəsizliyi beynəlxalq hüquqda xüsusi konvensiyalarla qorunur. Eyni zamanda, bu kateqoriyadan olan şəxslərə qarşı edilən hücumlar, beynəlxalq cinayət hesab olunur. Üstəlik bütün dövlətlərin bu məsələdə universal yurisdiksiyası mövcuddur. “Digər tərəfdən, Cinayət Məcəlləsinin 277-ci maddəsində diplomatik agentlərə qarşı həyata keçirilən sui-qəsd və terror aktları dövlətin əleyhinə olan cinayətlər kateqoriyasında yer alır. Odur ki, Cənubi Qafqazada sülhün bərqərar olmasını istəyən beynəlxalq aktorlar bu niyyətlərində səmimidirlərsə, Ermənistanı azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətdən daşındırmalı, insan hüquqlarının təməl prinsiplərinə zidd olan davranışlara göz yummamalıdırlar.”

JALƏ