Azərbaycan-Özbəkistan münasibətləri hərbi-siyasi müttəfiqlik səviyyəsinə qaldırıla bilər"

Bölmə: Siyasət › ,
Tarix: 20:50 23.08.2023

  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib. Səfər bir çox baxımdan diqqət çəkir. Xüsusilə qeyd etmək lazımdır ki, Ş.Mirziyoyev Prezident seçilməyindən sonra ilk dövlət səfərini məhz Azərbaycana edir. Politoloq Turan Rzayev deyir ki, 2022-ci ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı ikitərəfli münasibətlərin gələcək trayektoriyasını müəyyən edən bir sıra mühüm sənədlər imzalanıb. Prinsip etibarilə imzalanan 20 yeni sənəd bundan öncəki sənədlərin davamı və daha təkmil variantlarıdır. Politoloq Bakıda imzalanan 20 sənədin 3-ünə xüsusi diqqət çəkir. Deyir ki, hazırda dünyada enerji resursları uğrunda mübarizə gedir və bu resursları əlində tutan ölkələr geosiyasi arendada əsas söz sahibidir. Bu baxımdan energetika sahəsində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı əlaqələrin əsas sahəsini təşkil edir. "Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerji resurslarına, xüsusilə mavi qaza tələbatı artıb. Azərbaycan isə bu vəziyyətdən faydalanaraq Avropa bazarında əsas enerji oyunçusu olmaq istəyir. Müəyyən mənada buna nail olmuşuq. Lakin Qərbin mavi qaza və digər enerji resurslarına artan tələbini rəsmi Bakı təkbaşına qarşılaya bilməz".

  Turan Rzayev Azərbaycanın region ölkələri ilə bu sahədə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayır. Onnun ssözlərinə görə, təsadüfi deyil ki, SOCAR və “Uzbekneftegaz” uzun müddətdir ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparır. “Uzbekneftegaz”ın Azərbaycanın neft-qaz təşəbbüslərinə, SOCAR-ın isə Özbəkistanın neft-qaz təşəbbüslərinə cəlb edilməsi üzrə planlar inkişaf etdirilib. “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş” də məhz bu inkişaf planlarının rəsmi şəkildə təsdiqlənməsi deməkdir.

   Özbəkistanla Azərbaycanı bir-birinə yaxınlaşdıran səbəblər olduğunu deyən siyası şərhçi hər iki ölkənin yerləşdiyi regionda böyük güclərin hədəfində olduğunu diqqəttə çatdırır. Deyir ki, Azərbaycan kimi Özbəkistan da regionda sərbəst xarici siyasət aparmaq istəyir. "Hesab etmək olar ki, bu memorandum iki ölkəni xarici siyasətdə ortaq addımlar atmasına, ortaq maraqlar formalaşdırmasına səbəb olacaq. Müqayisə üçün deyim ki, Türkiyə və Azərbaycan uzun illərdir xarici siyasətdə atılan addımları qarşılıqlı şəkildə müzakirə edir, ortaq qərarlar verir".

   Turan Rzayev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi"ni imzalanan 20 sənəd içərisində ən önəmli hesab edir. Fikrini isə belə əsaslandırır: "Azərbaycan və Özbəkistan bir çox sahədə geniş əlaqələrə malikdir. Bu əlaqələrin 2023-2024-cü illər ərzində daha da dərinləşdirilməsi ondan xəbər verir ki, Daşkənd Bakı ilə əlaqələri mərhələli şəkildə dərinləşdirmək, inkişaf etdirmək istəyir".

MİKAYIL