"Sahibsiz" qalan binalar
Bölmə: Araşdırma › ,Tarix: 20:43 05.12.2023
Bakıda "sahibsiz" qalan binaların yetərincə olması bu problemi aktuallaşdırır. Elə misal olaraq köhnə Nəqliyyat nazirliyini, "Kəndçi xəstəxanası" kimi tanınan binanı göstərmək olar. Şəhərin mərkəzində yerləşən hər iki bina tərk edilib. Bəs bu problem necə tənzimlənir?
Məsələni informator.az-a şərh edən əmlak eksperti Ramil Osmanlı bildirib ki, dövlətin balansında olan sahibsiz binalar müxtəlif vaxtlarda prezidentin özəlləşmə ilə bağlı ikinci dövlət proqramı çərçivəsində özəlləşməyə çıxarılır və özəlləşdirilir. "Bura təbii ki, təyinatından asılı olmayaraq dövlətin balansında olan torpaq sahələri, kiçik dövlət müəssisəsləri, səhmdar cəmiyyətlər və digər obyektlər daxildir. Paytaxtda bu cür obyektlərin sayı həddindən artıq çoxdur. Hətta elələri var ki, özəlləşib, amma istifadə olunmur".
Ekspert qeyd edir ki, özəlləşmə zamanı adətən 2 istiqamətli proqram icra olunur. "Əgər investisiya proqramı ilə özəlləşibsə, bu halda təbii ki, özəlləşdirən tərəf investisiya proqramı üzrə texniki-iqtisadi əsaslandırmasını, biznes layihəsini ortaya qoyub və burada nə edəcək, investisiya proqramı hansı istiqamətləri əhatə edəcək və s. qeyd edib. Yox, bir başa hərrac vasitəsilə özəlləşmədisə, bu halda da obyekt hərraca çıxarılır və ən çox pul verən şəxsə satılır".
AYNUR BABAYEVA