Fələstin dərk etməlidir ki...-Politoloqdan ETİRAZ
Bölmə: Siyasət › ,Tarix: 22:06 11.12.2023
İran prezidenti İbrahim Rəisinin ötən həftə Türkiyəyə nəzərdə tutulan səfərinin ləğv edilməsi Türkiyə prezidentinin istəyi ilə olub.
Mövzunu informator.az-a şərh edən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Ərdoğan İbrahim Rəisinin Türkiyəyə olan səfərinin ləğv edilməsi ilə bağlı tutduğu mövqedə tamamilə haqlıdır.
"Çünki İsrail-Fələstin münaqişəsində Türkiyə həmişə Fələstini müdafiə edib, amma hər dəfə də İran bu münaqişəni alovlandıran statusda olub və sonradan Fələstinin arxasından çəkilib. Hamı çox gözəl bilir ki, istər Hizbullah olsun, istər HƏMAS olsun, bunlar birmənalı şəkildə İranın dəstəyi ilə fəaliyyət göstərən qüvvələrdir. Bütün hallarda bu dəfə də Hizbullah bu işin arxasından qaçdı və İran burada daha çox katalizator statusunda çıxış etdi".
Politoloq deyir ki, İranın ümumiyyətlə Türkiyədən nəyisə tələb etməyə haqqı yoxdur.
"Çünki Türkiyə bir dövlət olaraq təkcə Türk dünyasında deyil, İslam dünyasının bütün problemləri öz üzərinə götürüb və həll etməyə çalışan bir dövlətdir. Amma İran həmişə birincisi, bölücüklə məşğul olur, yəni sünni-şiə fərqi qoyur. İkincisi isə, sözdə İsraili asıb-kəsir, amma arxada onlarla hər cür əlaqələr qururlar. Bu, onların dövlət maraqlarıdır".
Cümşüd Nuriyev qeyd edir ki, Türkiyə bir dövlət kimi özünə hörməti tələb etdi və bu hörməti görmədiyi üçün Rəisinin Ankara səfərini ləğv etdirdi.
"Əgər bu addım gələcəkdə Türkiyə-İran münasibətlərinə təsir edəcəksə, o halda İranın ziyanına olacaq. Çünki Türkiyə öz münasibətlərində ilk dövlət və milli maraqlarını, sonra islam maraqlarını önə çəkir".
Şərhçi onu da qeyd edir ki, belə bir şəraitdə tarixən bir islam dövlətini- Türkiyəni sevməyən İranın yenidən Türkiyəyə qarşı hansısa anti-türk mövqe tutması İrana mənfi təsir edəcək.
"Onsuzda İran bölgədə özü özünü təkləməklə məşğuldur. Bu siyasəti yürütməyi də onun təsirinə olacaq".
Politoloq həmçinin deyir ki, Ankaranın İsrailə qarşı münasibətinə gəldikdə isə, onsuzda sərt mövqedədir.
"6 milyona qədər Fələstindən kənarda fələstinlilər var. O cümlədən də, 3 milyondan çox fələstinli Türkiyədədir və onların hardasa bir milyonu silah tuta bilən adamlardır. Bütün bunların fonunda Ankaranın İsrailə qarşı daha sərt tədbir görməsini düşünməyin özü də yanlış siyasətdir".
Niyə Türkiyə öz milli maraqlarını Fələstinin milli maraqlarına qurban versin?!
Şərhçi vurğulayır ki, doğrudur, öz mövqeyini bildirdi, gücünü göstərdi və lider dövlət olduğunu ortaya qoydu. Hətta buna görə Amerikanı belə qarşısına aldı.
"Amma Fələstin dərk etməlidir ki, Türkiyə onun yerinə vuruşan deyil".
Aynur Babayeva