Özəl məktəblərlə dövlət məktəbləri arasındakı fərqlər
Bölmə: Sosial › ,Tarix: 21:10 25.11.2024
Dövlət məktəbləri dövlət büdcəsindən maliyyələşir və şagirdlərə təhsil pulsuzdur. Özəl məktəblər isə özəl şirkətlər, fondlar və ya fərdlər tərəfindən maliyyələşdirilir və təhsil üçün ödəniş tələb olunur.
Bəs özəl məktəblərlə dövlət məktəbləri arasında tədris keyfiyyətində nə kimi fərqlər var?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Qoşqar Məhərrəmov "informator.az" saytına açıqlamasında bildirib ki, bu fərqlər bir neçə əsas amildən qaynaqlanır:
"Birincisi, şagird sayıdır. Dövlət məktəblərində siniflərdə şagird sayı çox olduğu üçün bu, müəllimin sinifi idarə etməsinə və dərsin effektivliyinə mənfi təsir edir. Əksinə, özəl məktəblərdə şagird sayının az olması müəllimlərə daha çox vaxt ayırmağa, şagirdlərin fərdi ehtiyaclarını daha yaxşı nəzərə almağa imkan verir. Bu isə təhsilin keyfiyyətinə müsbət təsir göstərir".
Ekspertin sözlərinə görə, ikincisi fərq müəllimlərin seçimi və maaş şərtləridir:
" Özəl məktəblərdə müəllim sayı daha az olduğundan, məktəb rəhbərliyi onları daha diqqətlə seçir və yüksək maaşla motivasiya edirlər. Bu, müəllimlərin işə ciddi yanaşmalarına və daha yüksək performans göstərmələrinə səbəb olur. Dövlət məktəblərində isə belə bir vəziyyət olmadığı üçün tədris keyfiyyəti bəzən aşağı düşə bilər".
Qoşqar Məhərrəmov üçüncü fərqin isə məktəbin infrastrukturu olduğunu qeyd edib:
"Özəl məktəblərin mühitləri daha təmiz, səliqəli və modern olur. Məktəblərdə yaxşı təchiz olunmuş laboratoriyalar, idman zalları və digər imkanlar şagirdlərin motivasiyasını artırır, onların təhsilə yanaşmasını müsbət yöndə dəyişir. Dövlət məktəblərində isə infrastruktur məsələləri hələ də özəl məktəblərlə müqayisədə geridə qalır. Bu, təhsilin keyfiyyətinə təsir edən mühüm faktordur".
Qoşqar Məhərrəmovun sözlərinə görə, bu amillər bir araya gəldikdə, özəl məktəblərdə təhsil keyfiyyətinin daha yüksək olduğu aşkar olur. Lakin dövlət məktəblərində də təhsil keyfiyyətini artırmaq üçün infrastrukturu yaxşılaşdırmaq, müəllimləri daha yüksək motivasiya ilə çalışdırmaq və şagird sayını optimallaşdırmaq mümkündür.
Çinarə Tarverdiyeva