Bunlar nüvə təhlükəsinin qarşısını ala bilən amillərdir-Politoloq

Bölmə: Siyasət › ,
Tarix: 10:12 13.12.2023

"Dünya nüvə fəlakətinə yaxındır".

Bu sözləri Astana Klubunun yeddinci iclası zamanı Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev danışıb.


O qeyd edib ki, yeni geosiyasi reallıq yaranır və buna bir neçə səbəb kömək edir. Məsələn, beynəlxalq münasibətlər sferasında güclü qarşıdurma güclənir, planetimizdə iqlim dəyişir, sanksiyalar fonunda dünyada iqtisadi böhran güclənir, ən əsası nüvə təhlükəsinin azaldılması istiqamətində əməkdaşlıq azalır.

 


Mövzunu informator.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Nursultan Nazarbayev son otuz il dünya siyasətinin, xüsusilə də keçmiş post-sovet məkanının ən önəmli siyasətçilərindən biridir.

 


"Təbii ki, onun fikirləri ciddiyə alınmalıdır. Və onun söylədiyi fikirlər reallıqları əks etdirir, çox doğru təhlil nəticəsində belə bir qənaətə gəlinib".

 


Oqtay Qasımov qeyd edib ki, hazırda Rusiya-Ukrayna savaşının gedişində də dünyanın ən çox narahat olduğu məqamlardan biri Rusiyanın nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı məsələ idi.

 


" Bu ciddi şəkildə son dönəmlər müzakirə mövzusu idi".

 


Politoloqun sözlərinə görə, ümumiyyətlə nüvə silahından istifadə edilib-edilməməsi  və bunun qarşısının necə alınması məsələsinə gəldikdə 2 faktor önəmlidir.

 


"Birincisi,  beynəlxalq hüququn üstünlüyü və beynəlxalq təşkilatların, xüsusilə də BMT və Beynəlxalq Atom Enerjisinin Agentliyinin rolunun yüksəldilməsi və effektivliyin artırılması ilə bunun qarşısını almaq olar. İkinci faktor isə nüvə silahına malik olmaq istəyən avantürist və təhlükəli rejimdə olan dövlətlərin nüvə silahına sahib olmasına yol verilməməsi, və həmin dövlətlərin  buna şantaj elementi kimi istifadədən imtinası və bu dövlətlər arasında münasibətlərin konstruktiv çərçivədə davam etməsidir".

 


Şərhçi hesab edir ki, bunlar nüvə təhlükəsinin qarşısını ala bilən amillərdir.

 

Aynur Babayeva