Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı ilk beynəlxalq tədbir keçiriləcək

Bölmə: Sosial › , Mədəniyyət › ,
Tarix: 13:02 05.01.2024

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

 

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı ilk beynəlxalq tədbir yanvarın 6-da Almaniya Medina Dərnəyinin təşkilatçılığı ilə Almaniyada keçiriləcək.

Tədbir şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunur.

 

Tədbirdə Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzi Rəhbəri Nəsiman Yaqublu, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, Almaniya Medina Dərnəyi Azərbaycan və Cənubi Koreya təmsilçisi Anar  Rzayev də iştirak edəcək.

 

İnformator.az - a açıqlama edən Nəsiman Yaqublu qeyd edir ki, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə bir sıra ölkələrdə, Almaniyada, Rusiyada, Türkiyədə tədbirlər planlaşdırılır.

 

" Biz də həmin tədbirlərdə iştirak edəcəyik. İlk  böyük tədbir Almaniyada planlaşdırılıb və biz  Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə birlikdə orada  iştirak edəcəyik. Təbii ki, bu tədbirlərin əhəmiyyətini artıran məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncamdır".

 

Nəsiman Yaqublu əlavə edir ki, Azərbaycanın görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə öz silahdaşları ilə birlikdə bütün Türk və Şərq dünyasında ilk dəfə milli dəyərlərə, demokratik prinsiplərə əsaslanan Azərbaycan Xalq Cümhuriyyətini qurub.

 

" Biz bu haqda danışacağıq. Eyni zamanda M.Ə. Rəsulzadə Türk xalqlarının birliyi, bütün dünyada demokratiyanın, insan haqlarının uğrunda mübarizə aparıb və onun " İnsanlara hürriyyət, millətlərə istiqlal"! kimi müqəddəs şüarı var. M. Ə. Rəsulzadə ilk dəfə 1918-ci il dekabrın 7-də parlamentin açılışında bu sözləri söyləyib: " Bir kərə yüksələn bayraq bir daha enməz"!  O , bu şüarların gerçəkləşməsi üçün bütün ömrü boyunca mübarizə apardı, Azərbaycanda, İranda, Türkiyədə, Almaniyada, Fransada, Polşada ciddi işlər görüb və zəngin irs qoyub gedib, biz də çalışacağıq ki, bu 140 illik yubileydə bu zəngin irsi hazırlayaq və Azərbaycan xalqına çatdıraq".

 

Nəzrin Mirzəyeva