Xırdalanda yeni metro stansiyası açılacaq-Ekspertlər DETALLARI AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 17:10 09.01.2024
Xırdalanda metro stansiyası açılacaq. Bakının baş planına əsasən, 2040-cı ilə qədər 3 yeni xətt istifadəyə veriləcək, mövcud xətlər uzadılacaq. Yeni stansiyalar Bayıl, Badamdar, Suraxanı, Zığ şossesi, Binəqədi, Biləcəri və başqa ərazilərdə tikiləcək.
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında metrostansiyaların sayının 27-dən 46-ya çatdırılması nəzərdə tutulub. Belə çıxır ki, 16 il ərzində 19 metrostansiya hazırlanıb təhvil verilməlidir. Metropolitenin təcrübəsinə nəzər salsaq, ən tez hazırlanıb istifadəyə verilən stansiya üçün 3-4 il vaxt lazım olub. Başqa sözlə planın icrası bir qədər qəliz görünür.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, metropoliten istəsə, yəni qarşısına məqsəd qoysa bir ilə iki stansiyanı təhvil verə bilər.
"Burada bütün variantları götür-qoy etmək lazımdır, mütəxəsisslər işləməlidir. Şəxsi maraqlar önə çıxmamalıdır. Kimsə orda maraq güdəcəksə ki, iş uzansın, mən də ordan pul qazanım, hə onda bu effekt vermir. Ona görə 1 stansiyanı 10 ilə tikirdilər ki, hamı qazanırdı. Məsələn, 8 noyabr stansiyasına görə Ceyhun Səlimov küçəsi 8 il bağlı qalıb. Bir küçə 8 il bir metroya görə bağlı qala bilərmi? O küçə açılandan sonra tiblisi prospekti nəfəs alır. Yəni, belə özbaşınalıqlar olmamalıdı, işlər planlı şəkildə getməlidir".
Ekspert əlavə edib ki, prosesi sürətləndirməyin başqa bir yolu yerüstü metrostansiyaların tikilməsidir.
"Xəritədə göstərilən bir çox ərazilər neft əraziləridir, yəni haranı qazırsansa, neft buruqları və yaxud da çirkli sular, neft tullantıları və s. çıxır. Ona görə bir çox ərazilərdə təklifimiz ondan ibarətdir ki, yerüstü metrostansiyalarına üstünlük verilsin. Yəni bir daha deyirəm, dünyanın heç bir ölkəsində belə bir qərar, belə bir qanun olmayıb ki, metro ancaq yerin altında olmalıdır. Qazıntı işini aparmaq, yerin altında qurunt sularının qarşısını almaq, bərkinti işləri aparmaq o qədər xərcin qarşısında yerüstü mütləq ki, konkret bir istiqamətdə evləri plana salmaq, obyektləri sökmək daha əlverişlidir".
Baş planda yeni metrostansiyalarla yanaşı həm də müasir dövrün Bakısı üçün yeni ictimai nəqliyyat növləri - tramvay və metrobus yaradılacağı qeyd olunub. Və bu nəqliyyat növləri üçün bəzi hissələrdə köhnə dəmiryolu xətlərindən istifadə edilməsi nəzərdə tutulur.
Paytaxt ərazisində istifadə olunmayan kifayət qədər dəmiryolu xətləri var. Və bunlardan biri də Biləcəri qəsəbəsində yerləşən bu dəmiryolu xəttidir. Burada yaşayan sakinlərin dediyinə görə, illərdir ki, dəmiryolu xəttindən qatar keçmir.
İqtisadçı Eldəniz Əmirov qeyd edib ki, məsələn, bu gün Çinin "bir kəmər, bir yol" layihəsində belə yeni layihələr icra edilməklə bərabər Ərəbistan yarmadasından köhnə dəmiryolu xəttlərinin yenilənməsi üzərində də işləyirlər. Yəni bu praktika bütün dünyada var.
"Əvvəlcə prosesin doğru texniki şərtinin çıxarılması, yəni doğru qiymətləndirilməsidir. Bizdə isə problem odur ki, istifadə edilməyən xətlərin mühafizə zolağı satılıb, tikililərlə zəbt olunub".
Elməddin Muradlının sözlərinə görə, köhnə dəmiryolu xəttlərinin bərpasında işimizi qəlizləşdirəcək, çətinləşdirəcək yeganə səbəb qanunsuz tikililərdir.
"Bu məsələ qabardılsa məlum olacaq ki, nə qədər dəmiryolu xəttinin üstündə artıq evlər, obyektlər tikilib. İndi bunları qaytarmaq, diriltmək, inkişaf etdirmək olar, amma çox çətin olacaq. Təzədən o dəmiryolu xəttini işə salmaq üçün məcburdur ki, ordakı evin sakinini pul verib köçürtsün. Səhv addımlar atılıb, bu səhvlərdən nəticə çıxarıb planlı şəkildə iş ortaya qoysalar o zaman effekt görəcəyik".
Baş plan plansız həyata keçirilərsə, nəticəsi gözlənilən kimi olmayacaq deyilir. Amma illərdir yüklənən Bakı yollarının, bu planın düzgün icrası sayəsində nəfəs alacağına ümid böyükdür.
Lamiyə