Yollarda süni tramplinlərin qurulması qanunidir?-Ekspertlər AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 14:56 31.01.2024

Bir çox yollarda nəqliyyat vasitələrinin hərəkət sürətini zəiflətmək üçün süni maneələr yəni, tramplinlər düzəldilir. Sürücülərin isə bu məsələyə münasibəti elə də isti deyil. Nəticədə zərər onların avtomobilinə dəyir. Lakin bu maneələri yaradanları da qınaq obyektinə çevirmək düzgün olmaz. Çünki sürücülər sürət həddinə riayət etmir və insanlar məcbur olaraq bu addımı atırlar. Yaxşı olardı ki, məsələ qanunvericiklə tənzimlənərdi.

 

Paytaxtın bir çox yollarında, əsasən də məhəllədaxili yollarda bu cür maneələr görmək mümkündür. Nəqliyyat vasitələrinin hərəkət sürətini zəiflətmək üçün yaradılan süni maneələr insanların təhlükəsizliyi üçün nəzərdə tutulur. Lakin digər yandan bu üsul avtomobil sahiblərinə də ziyan vurur. Bəs görəsən bu üsul qanunidirmi? Yəni, istənilən şəxs istədiyi yerdə bu cür maneə düzəldə bilərmi?

 

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, çox təəsüf ki, bizim ölkəmizdə yol hərəkətinin təşkilinin texniki sıralarında bu yoxdur. 

 

"Ona görə də kimin əlinə nə gəldi tətbiq edir, məsələn elə yerlər var ki onu elə asfaltın özündən düzəldirlər, çox eybəcər, təhlükəli bir görüntü alınır, hətta çox hündür olur, avtomobilə texniki zərər vurur, hətta bəziləri var yola kəndir atırlar, başqa borular atırlar və dediyim kimi bunların heç bir standartı yoxdur və heç bir qaydası yoxdur".

 

Hüquqşünas Ərşad Hüseynov bunun aradan qaldırılması üçün dünya təcrübəsində mövcud olan süni maneələrlə bağlı standartı ölkəmizdə tətbiq etməyin vacibliyini bildirir. İlk növbədə ciddi meyar tətbiq etmək lazımdır ki, süni maneələri hara və necə qoymaq olar.

 

"Onlar uzaq məsafədən gecə gündüz yaxşı görünən olmalıdır, məsələn gündüz vaxtı yaxşı görünməsi üçün xüsusi rəng tərtibatı var, belə olmalıdır. Gecə vaxtı görünməsi üçün onların işıq qaytarıcıları olur, uzaqdan faranın işığı düşəndə görürsən ki, parıldayır. Onlardan qabaq xəbərdarlıq nişanı qoyurlar ki, bax burda süni maneə olacaq".

 

Aidiyyəti qurumdan bildirildi ki, məsələ ilə bağlı aşkar edilən faktlar və vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında əraziyə baxış keçirilir və həmin süni maneələrin sökülməsi təmin edilir. Nəzərə alsaq ki, qanunvericilikdə süni maneə nəzərdə tutulmayıb, odur ki, bu əməli edən şəxslər cərimələnə bilər.

 

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev qeyd edib ki, bu kimi hüquq pozmalara yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 354 cü - yolların hərəkət hissəsində səddlərin, şlaqbaumların quraşdırılmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə manelər yaradılmasına görə maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilir".

 

Fiziki şəxslər üçün səksən manatdan yüz manatadək, vəzifəli şəxslər üçün dörd yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər üçün isə üç min manatdan dörd min manatadək məbləğdə cərimənəzərdə tutulur.