Azərbaycanda qızıl və gümüşün hasilatı artıb

Bölmə: Sosial › ,
Tarix: 19:11 31.01.2024

Azərbaycanda ötən il qızıl və gümüş hasilatı artıb. "Azergold" QSC mətbuat konfransında illik rəqəmləri açıqlayıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə qızıl və gümüş yataqlarında aparılan tədqiqat işləri ilə bağlı da məlumat verilib.

 

"Azərgold" QSC 63 min 700 unsiya, başqa sözlə 1805 kq qızıl hasil edib və bu rəqəm fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. Ötən il qızıl hasilatı plandan 2 faiz, gümüş hasilatı isə 6 faiz artıq olub. 2022-ci illə müqayisədə bu, 1700 unsiya artıq qızıl hasilatı deməkdir.

 

"Azərgold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov bildirib ki, 2024-cü il üçün hasilat planımız hesabat ili ilə müqayisədə 9 faiz daha artıq olmaqla 70 min unsiya qızıl və 27 faiz daha artıq olmaqla 156,8 min unsiya gümüş təşkil edir. 

 

"Hesabat ilində yerli və beynəlxalq bazarlarda ümumilikdə 68,1 min unsiya qızıl və 119,8 min unsiya gümüşün satışı həyata keçirilib. 2022-ci illə müqayisədə ümumi qızıl satışı həcmində 7 faiz artım qeydə alınıb".

 

Zakir İbrahimov deyir ki, hasilata təsir edən və vacib istiqamətlərdən biri geoloji kəşfiyyat və tədqiqat işləridir. Ötən il qurum Daşkəsən, Göygöl, Balakən, Naxçıvan Muxtar Respublikasının ərazisində geofiziki və geoloji tədqiqat işlərini davam etdirib.

 

"Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən "Göydağ" ərazisinin "Ortalənd" qızıl yatağında ilkin nəticələr olduqca müsbətdir. Hesablamalara görə, yataqda 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur. "Göydağ" sahəsində yerləşən digər yataq eyniadlı "Göydağ" mis-porfir yatağında da ehtiyatların qiymətləndirilməsi üçün aparılan araşdırmaların ilkin nəticələri müsbətdir. Daşkəsən, Göygöl, Goranboy, Kəlbəcər və Laçın rayonlarında eləcə də Naxçıvan rayonunda bioloji tədqiqat işlərimiz genişləndirilib".

 

İşğaldan azad olunan ərazilərdə də tədqiqat işləri görülür. Axtarış işləri yalnız minadan təmzilənmiş ərazilərdə aparılır.

 

"Azergold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov əlavə edib ki, "Tutxun" sahəsində 273 kvadrat metr ərazidə tədqiqat aparmağı planlaşdırsaq da, 2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş 57 kvadrat kilometr ərazidə bioloji axtarış işlərini icra etdik. 

 

"Cari il daha 32 kvadrat kilometr sahənin geoloji axtraış işləri üçün ayrılması nəzərdə tutulub. Digər axtarış işlərimizlə müqayisədə Kəlbəcər rayonunda yerləşən "Tutxun" sahəsində axtarış sürətimiz nisbətən aşağıdır və bu da əlbəttə ki, həmin sahənin mədənə çevrilməsi və hasilatın təşkilini aparılmasına mənfi təsir edir".

 

Həmçinin "Daşkəsən" dəmir filiz yataqlarında görülən işlərlə bağlı məlumat verildi. "Daşkəsən" dəmir filizi yataqlarında filizli süxurların tərkibindəki dəmirin nisbəti aşağı olduğundan zənginləşdirmə zavodunun inşası nəzərdə tutulub. 

 

Qeyd olundu ki, dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7,5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır.