Müstəqillik dövründə jurnalistika fakültəsində elmlər doktoru adına layiq görülmüş ilk qadın alim-Sevil Həsənova
Bölmə: Sosial › ,Tarix: 12:22 01.02.2024
Jurnalistika fakültəsi Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, elmlər doktoru Sevil Qiyas qızı Həsənova professor vəzifəsinə seçilib.
Sevil Qiyas qızı Həsənova 1975-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. Gənc jurnalist kimi Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində “Elmi -kütləvi və tədris proqramları” baş redaksiyasında redaktor, “Azərbaycantelefilm” yaradıcılıq birliyində böyük redaktor vəzifəsində işləyib. “Qabil”, “İki ömür” və s. televiziya filmlərinin ssenari müəllifidir.
“Hüseyn Cavid yaradıcılığının tədrisinin şagirdlərin mənəvi tərbiyasinə təsiri” mövzusunda namizədlik, 2021-ci ildə isə “H.Cavidin ədəbi-bədii irsi Azərbaycanın dövri mətbuatında” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. O, müstəqillik dövründə jurnalistika fakültəsində elmlər doktoru adına layiq görülmüş ilk qadın alimdir. Tədqiqatçı 2 monoqrafiyanın, 8 proqramın, 1 dərs vəsaitinin, 1 dərsliyin, 35-dən çox elmi və onlarca bədii-publisistik məqalənin müəllifidir.
Elmi fəaliyyətlə yanaşı S.Q.Həsənova pedaqoji sahədə də uğurlar qazanıb. O, Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Mingəçevir filialında, Təfəkkür Universitetində dərs deyib. 2005-ci ildən isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışır.
Əziz və hörmətli Sevil xanımı professor vəzifəsinə təsdiq olunması münasibəti ilə bir daha təbrik edir, yeni elmi və yaradıcılıq uğurları arzulayırıq!