"Azərbaycanda sürət qatarları niyə öz adını doğrultmur?-Ekspertdən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:45 01.02.2024

Azərbaycanda son günlər sürət qatarlarının hərəkət sürəti tənqid hədəfinə çevirilib. Bu günlərdə tanınmış vəkil Elçin Sadıqov Bakı-Gəncə qatarının videosunu paylaşaraq “Bakı-Gəncə sürət qatarı çox yüksək sürətlə hərəkət edir” – deyə sarkazmla qeyd əlavə edib. Bundan əvvəl də bir neçə oxşar videolar yayıldı. Bütün dünyada sürət qatarları yüksək sürətlə hərəkət etdiyi halda, bu ad Azərbaycanda özünü niyə doğrultmur?

 

Bu haqda informator az saytına nəqliyyat eksperti Aslan Əsədov açıqlama verib.

 

"Qatarla sərnişindaşımanın mühüm elementlərindən biri onun daha səssiz və sürətli olmasıdır. Müasir sərnişindaşımada ən önəmli faktor sürət faktorudur. Bu böyük meqapolisləri birləşdirən vacib elementdir. Bu gün Bakı-Gəncə sürət qatarının sürətinin aşağı olması və bunun sosial şəbəkələrdə, mətbuat orqanlarında paylaşılması, əlbəttə ki, ürəkaçan deyil".

 

Ekspert bildirir ki, burada yalnız texniki bazaya baxmaq düzgün deyil, parametrlər də yola uyğun gəlməlidir.

 

"Yol mühiti, sərnişindaşıma elədir ki, tək qatara deyil, reysin imkanlarına da nəzər yetirmək lazımdır. Bunların hamısına kompleks yanaşılmalıdır. Ümumiyyətlə qatar reysdə hərəkət edən zaman, qatarın yoluna əlavə birləşmələr, kəsişmələr çıxa bilər. Bunlar nəzərə alınmalıdır".

 

Aslan Əsədov deyir ki, qatarın hər hansı bir stansiyadakı ləngiməsi, ümumi sürətə və gecikməyə təsir göstərir.

 

"Nəticədə sürətin aşağı düşməsi, bəzi stansiyalarda qatarın aşağı sürətlə keçməsi, bir çox bu və bunun kimi problemlərə əsaslanır. Bu qatarın hərəkəti zamanl sərnişinlər arasında narazılığa səbəb olur, bu da gərginliyə gətirib çıxarır".

 

Ekspert sonda qeyd edir ki, reyslərdə olan xətlərin sayının artırılması, əlavə köməkçi dəmiryollarının çəkilməsi bu sürət məsələsinin həlli ola bilər.

 

Gülay Qəribova