Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa çempionatında hakimlik edəcək

Bölmə: İdman › ,
Tarix: 12:16 05.02.2024

Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa çempionatında hakimlik edəcək.

Nazim Umbayev Avropa Cüdo Hakimlər Komissiyası tərəfindən Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün seçilib.

A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən yarışlarda iştirak edən hakimlər siyahısına daxildir.

Nazim Umbayev informator.az saytına müsahibəsi zamanı suallarımızı cavablayıb:

 

•Nazim bəy, özünüzü təqdim edə bilərsiniz?

Mən Umbayev Nazim, 28 sentyabr 1978-ci ildə Bakı şəhərində anadan oldum. 1985-ci ildən cüdonun sirlərini məşqçi Yaşar Quliyevin rəhbərliyi altında idman cəmiyyətində öyrənməyə başladım. Müxtəlif yaş dövrlərimdə respublika birinciliyinə nail oldum, mükafatlar qazandım. 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, 2000-ci ildə məzun oldum. Daha sonra, hərbi xidmətə yollandım.

 

•Hərbi xidmətdən qayıtdıqdan sonra idmançı fəaliyyətinizə davam etdiniz?

 

Təəssüf ki xeyr, 2001-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra, idmançı fəaliyyətimi davam etdirə bilmədim. Bunun ailə daxili müəyyən səbəbləri var idi. Mən də məşqçiliyə başladım, beləliklə, Avropa Dünya Kubokunun bir çox qalib və mükafatçılarını yetişdirdim. Hazırda da məşqçiliklə məşğul oluram.

 

•Nazim bəy, hakimlik karyeranıza necə başladınız?

 

2001-ci ildə hakimliyə başladım. O vaxtlar belə bir qayda var idi ki, hansı yarışa gəlirdinsə, həmin klub bir hakimlə təmsil olunmalıydı. Klubumuz məni hakim qismində təqdim etdi və o hakimlik, bu hakimlik deyərkən..hakimliyim çox bəyənildi, mən də davam etdirməyə başladım. 2012-ci ildə Respublikada dərəcəli hakimlik adını qazandım, 2017-ci ildə kontinental dərəcəli hakim adını qazandım, 2022-ci ildə isə bütün qitələr üzrə beynəlxalq hakimlik üzrə lisenziya aldım. Fəqət Beynəlxalq Cüdo Federasiyasının yarışlarına daxil olmaq lazım idi. Yalnız ondan sonra başqa müxtəlif yarışlarda müntəzəm iştirak edə bilərdim. Mən də ora daxil oldum, çox bəyəndilər, bir çox çempionatlara vəsiqə qazandım, onların arasında xüsusilə Gənclərin dünya çempionatının və Böyüklərin Avropa çempionatının adını çəkə bilərəm. 2022-ci ildən etibarən müxtəlif "Böyük Dəbilqə" turnirlərində hakimlik eləmişəm, İslam oyunlarına vəsiqə qazandım, inşallah ki hədəfim olimpiadadır, ona vəsiqə qazanmağı arzulayıram.

 

•Avropa çempionatında iştirak edəcək olmaq, Azərbaycanın bir siması olaraq bu uğuru qazanmaq necə hissdir, buna necə nail oldunuz?

 

Bilirsiniz, beynəlxalq arenada hakimlik etmək insana çox başqa, çox şərəfli bir hiss bağışlayır. Mən idmançı olaraq xalqımızı xarici arenada təmsil edə bilmədiyim üçün bu mənim ürəyimdə qalmışdı. Şükürlər olsun ki, indi hakim olaraq Azərbaycanı təmsil edə bilirəm. Bu çox qürurvericidir. Hər yarışda uğur qazandıqca, daha böyük yarışlara təyin aldıqca deyirəm ki, bu təkcə mənim yox, bütün Azərbaycanın uğurudur.

 

•Azərbaycanın cüdo ilə beynəlxalq səviyyələrdə iştirak etməsi, gələcəkdə bizim bu sahədə böyük inkişaf görə biləcəyimizi deyir mi?

 

Əlbəttə, hal-hazırda böyük inkişaf var. Ümumiyyətlə, hal-hazırdaki federasiyamız, cənab nazir Rəşad Nəbiyevin rəhbərlik etdiyi federasiya, cüdonun inkişafı üçün çox çalışır. Çünki gözəl komanda yaradıb. Elə baş katib Rəşad Rəsullunun çox gözəl idarəetmə qabiliyyəti var, bu işdə mütəxəssisdir. Cənab prezidentin müşaviri Natiq Bağırovun idmanda illərin təcrübəsi var. Vaxtıykən dəfələrlə Dünya, Avropa mükafatçısı olub, olimpia iştirakçısıdır. Vitse-prezidentimiz Elnur Məmmədli olimpia çempionudur. Bu möhtəşəm üçlü öz bilikləri ilə federasiyanı gözəl idarə edirlər. Federasiyada nə qədər idmana yaxın adam olsa, o qədər idmançıları, məşqçiləri gözəl, dolğun başa düşür və həmin idman növünün inkşafında böyük əməkləri olur. Seçimlər də olduqca şəffafdır. Bu günümüzdə federasiya təlim-tərbiyəyə də çox böyük üstünlük verir. Ötən ilimizdə cüdonun 50 illiyi tamam oldu, bu 50 il ərzində Azərbaycanın heç vaxt Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında tələbəsi, məzunu olmayıb. Bu günlərdə isə akademiyada yüzlərlə bizim tələbələr, məzunlar var. Bu da çox gözəl bir inkişafdır. Bizim federasiyamız Cüdo Federasiyası olaraq dünyada tanınır, idmançılarımızın səviyyəsi ilk onluqda yer alır və bu günləri Avropa Cüdo İttifaqı ilə də, Beynəlxalq Cüdo Federasiyası ilə də federasiyamız hər bir sahədə çox gözəl əməkdaşlıq edir. İstər marketinq, istər tədris- təlim, istər cüdonun inkşafı olsun, istər məşqçilərin ustalığı olsun hər bir sahədə əməkdaşlıq edilir, heç nədən geri qalınmır. Hər il ayrı-ayrı idmançılarımızı, məşqçilərimizi, hakimlərimizi müxtəlif seminarlara, tədbirlərə, təlimlərə göndərirlər. Aylarla idmançılarımız Yaponiyada təlimdə olur. İdmanı bitirmiş idmançılarımız fəaliyyətindən kənarda qalmasın deyə, inkişaf etsin deyə Yaponiyanın Kadakan məktəbinə təhsilə göndərilir. Bu gün mən öz adımdan Federasiyadan çox razıyam.

 

•Məlumdur ki, hazırda idman sahəsində ən çox adı çəkilən şəxslərdən biri sizsiz, Azərbaycan cüdo tarixində belə bir ilkə imza atmaq sizə nə hiss etdirir?

Mənim ilk addım atmağım..belə deyək, meyvə bar verir, bağban onu çıxarır satışa. Bağban meyvəni satışa çıxarmasa, onu görüb bəyənməsələr, meyvəni heç kim almayacaq. Mən də nə qədər gözəl, dürüst, təmiz hakim olsam da, məni beynəlxalq arenaya təqdim edən olmasaydı, məni heç kim görməyəcəkdi. Bu da federasiyanın uğurlu işlərindən biridir ki, məni beynəlxalq arenaya çıxardı, təqdim etdi. Ümid edirəm ki, xalqımızı, millətimizi, federasiyamızı heç vaxt utandırmaram. Məqsədim odur ki, idmançılarımıza da məsləhət görürəm ki, ölkədən kənarda olanda özlərini deyil, ölkəmizi, dövlətimizi təmsil etsinlər.

 

Gülay Qəribova