Şokolad dostdur, yoxsa düşmən?

Bölmə: Maraqlı › ,
Tarix: 21:23 19.02.2024

Hamımız onu sevirik, yeməməkdə çətinlik çəkirik, 'bir dişlək yeyib buraxacağam' dedikdən sonra özümüzü itiririk. Şokolad çox ləzzətli qəlyanaltıdır, amma tərkibində yağ və şəkər olduğu üçün qeyri-sağlam sayılır və rahatlıqla istehlak edilmir. Xüsusilə çəki problemi olan insanların arzusunda olduğu şokolad sağlam qida ola bilərmi? Mütəxəssislər bu suala düzgün şokolad növünü seçdiyiniz müddətcə “bəli” cavabını verirlər.

 

Şokolad yeyəndə özümüzü yaxşı hiss edirik, amma "sağlamlığımıza faydalıdırmı"?- deyə düşünürük. Mütəxəssislər deyirlər ki, şokoladın düzgün növünü seçdiyimiz müddətcə şokolad sağlam ola bilər. Bunun səbəbi təbii ekstra tünd şokoladın polifenol kimi tanınan bir maddə olan flavonoidlərlə zəngin olmasıdır. Meyvə, tərəvəz, çay və qəhvə kimi bir çox bitki mənşəli məhsulda olan flavonoidlər tünd təbii şokoladda da var. Antioksidantlarla dolu flavonoidlər, hüceyrələri xərçəng və ürək xəstəliyi kimi xəstəliklərin riskini artıran zərərli sərbəst radikallardan qoruyur.

 

Harvard TH. Chan İctimai Sağlamlıq Məktəbinin epidemiologiya və qidalanma professoru Eric Rimm, "Şokolad nə qədər tünd olsa, bir o qədər yaxşıdır. Südlü şokoladda şokolad az, ağ şokoladda isə heç şokolad yoxdur" dedi.

 

Mütəxəssislər tünd şokoladın ümumiyyətlə yüksək miqdarda kakao, daha az şəkər və daha çox flavonoid ehtiva etdiyini bildirir.

 

Tünd şokolad yeyə biləcəyimiz ən sağlam şokolad növüdür. Ümumiyyətlə digər şokolad növləri ilə müqayisədə şəkər daha azdır və tərkibində süd və ya əlavə yağ yoxdur. Ağ şokolad adətən kakao yağı, şəkər, süd tozu və süd yağından hazırlanır, yəni qatı kakaodan hazırlanmır.

 

 BƏS ŞOKOLAD ALARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

 

Tərkibində ən azı 70% kakao olan tünd şokoladı seçin. Bəzi ekspertlər 80% və daha yüksək faizin yaxşı olduğunu düşünür, çünki daha çox kakao ümumiyyətlə daha az şəkər deməkdir.

 

Samirə Musayeva