Dəniz suyundan hidrogen istehsalı

Bölmə: Maraqlı › ,
Tarix: 23:33 19.02.2024

Heç bir təmizlənmə prosesinə ehtiyac olmadan dəniz suyundan hidrogen qazı çıxarmaq üçün bir üsul işlənib hazırlanıb. 

 

Ətraf mühiti çirkləndirməyən təmiz enerji mənbələri arasında görkəmli alternativlərdən biri hidrogen qazıdır. Hidrogen oksigenlə reaksiya verdikdə və yandıqda böyük miqdarda enerji ayrılır ki, nəticədə, ətraf mühitə zərərsiz olan su molekulları yaranır. Bununla belə, hidrogen istifadəsi ətraf mühitə zərər verməsə də, bu gün hasil edilən hidrogen qazının əsas mənbəyi qalıq yanacaqlardır. Bu vəziyyət hidrogen qazının hasilatı zamanı atmosferə yüksək miqdarda karbon dioksid qazının buraxılmasına və buna görə də, qlobal istiləşməyə səbəb olur.

 

Hidrogen qazı əldə etməyin yollarından biri suyu onun komponentlərinə ayırmaqdır. Ancaq bu gün istifadə edilən bütün üsullar həm mürəkkəbdir, həm də çox bahalıdır.

 

Hidrogenin, həqiqətən, ekoloji cəhətdən təmiz və davamlı enerji mənbəyi olması üçün onun istehsalı zamanı ətraf mühitə zərər vurulmamalı və qiymətli şirin su ehtiyatları istifadə edilməməlidir.

 

Dəniz suyundan hidrogen qazı almaq mümkündür. Məsələn, dəniz suyundakı su molekulları elektroliz yolu ilə komponentlərinə ayrıla bilər. Ancaq dəniz suları təmiz deyil. Yəni onun tərkibində təkcə su deyil, digər maddələr də var. Buna görə də, dəniz suyunu elektroliz etdikdə təkcə hidrogen və oksigen qazları deyil, həm də müxtəlif əlavə məhsullar əmələ gəlir. Bu yan məhsulların ən problemlilərindən biri zəhərli xlor qazıdır.

 

Avstraliyanın Melburn şəhərindəki Kral Texnologiya İnstitutundan bir qrup tədqiqatçı dəniz suyunun birbaşa elektrolizində istifadə oluna biləcək yeni katalizator tapdıqlarını açıqlayıb. Prof. Dr. Nasir Mahmudun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində hazırlanmış katalizator dəniz suyunu otaq temperaturunda aşağı enerji ilə elektroliz etməyə imkan verir. Üstəlik, dəniz suyunun təmizlənməsinə ehtiyac yoxdur və zəhərli xlor qazı əlavə məhsul kimi çıxmır.

 

Bildirilir ki, yeni üsul irimiqyaslı hidrogen qazı istehsalı üçün əlverişlidir. Həmçinin bildirilir ki, yeni üsulla hidrogen qazı hasil etmək xərci qalıq yanacaqlardan hidrogen qazı hasil etməyə yaxındır.

 

Ətraflı məlumat üçün Dr. Surac Loomba və dostlarının dərc etdiyi məqaləni Small-da oxuya bilərsiniz.

 

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova