Avazı könülləri oxşayan Arif Babayevin doğum günüdür
Bölmə: Sosial › ,Tarix: 19:37 20.02.2024
Bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin 86 yaşı tamam olur.
Azərbaycan muğam musiqisinin inkişafında ağdamlı ustadların - musiqi yaradıcılarının, xanəndələrin böyük xidmətləri olub. Bu xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan muğamlarımızı yaşadıb, onun qorunub saxlanılmasında müstəsna xidmətlər göstəriblər. Muğamların yeni variantlarının yaradılması da xanəndələrin yaradıcılıq – ifaçılıq keyfiyyətləri ilə bağlı olub, hər bir xanəndənin ifaçılıq tərzindən meydana gələn xüsusiyyətdir. Hər bir xanəndə oxuduğu muğama öz nəfəsini, öz oxuma tərzini, özünəməxsus ifaçılıq ənənəsini gətirir. Belə xanəndələrdən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov və başqalarını misal göstərə bilərik. Əsl sənətkar olmaq, xalqın rəğbətini qazanıb ürəklərə həmişəlik yol tapmaq, ən başlıcası, milli sərvətimiz sayılan muğamlarımızın saflığını qoruyub, onu özünəməxsus çalarlarla bəzəyib zənginləşdirmək hər sənətkara nəsib olmur. Bu gün milli muğam ifaçılığının görkəmli nümayəndəsi, məlahətli səsi, böyük istedadı ilə ustad xanəndə kimi tanınan Arif Babayev ən qüdrətli sənətkarlardan biri kimi qəbul olunur. Onun sənəti musiqi tariximizdə, xüsusən muğam sənətində ayrıca, bənzərsiz, özünəməxsus bir məktəbdir. O, XX əsrdə Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparıb.
Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub.
Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb.Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətləri görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordeninə layiq görülüb. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatı təqdim edilib. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albomu nəşr etdirib.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Seygah yanğısı”, Rüzgar Əfəndiyeva “Vətəndir Arifin səsi” kitablarını Arif Babayevin yaradıcılığına həsr ediblər. Elm və Təhsil Nazirliyi tərəfindən “Arif Babayevin mahnı və təsnifləri” adlı kitab ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi nəşr edilib. Müxtəlif illərdə Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş yeddi sənədli film çəkilib.
Səsinin vurğunluğuna bizi qərq edən Arif Babayev avazı bu gün də könülləri oxşayır. Zamanın sınağından uğurla çıxmış Arif səsi yenə də öz hekayəsində, öz sanbalında, bənzərsizliyində insanın qəlbini vəcdə gətirir.
Muğam ifaçısı Kamilə Nəbiyeva "İnformator.az"a açıqlamasında Arif Babayev barədə öz təəssüratlarını bölüşüb və təbrik edib:
"Səhnəmizin korifey sənətkarı, Arif müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik edirəm. Allah Arif müəllimə can sağlığı versin, dünya durduqca yaşasın, ona muğamlarımız qədər, musiqilərimiz qədər tükənməz ömür arzu edirik.
Arif Babayev Azərbaycan muğamında çox gözəl bir iz qoyub. O,elə bir izdir ki, hər zaman yaddaşlarda qalacaq.
2011-ci il televiziya muğam müsabiqəsində iştirak etdiyim zamanlarda mənim üçün bir söz işlətdi: "Brilyant da balaca olur, sən bizim üçün balaca bir brilyantsan, Kamilə". Həqiqətən, o sözləri Arif müəllim kimi sənətkarımızdan eşidmək o qədər sevindirici, həvəsverici bir hissdir ki...
Mən arzu edirəm ki, Arif müəllim hər zaman yaşasın, yaratsın biz gənclər də Arif müəllimə baxaq həm sevinək, həm də bəhrələnək".
İlhamə Nurəhmədova