“Sonuncu gün” -Hekayə
Bölmə: Sosial › ,Tarix: 19:58 20.02.2024
(Şəhid XTQ leytenantı Əmrah Əkbərovun əziz xatirəsinə)
... Tabor binasından çıxanda havanın istiliyi hələ təzə-təzə dənizin sərinliyi ilə əvəzlənirdi. Ətrafa baxır, 7 ildir doğmalaşdığı bu məkandan artıq uzaq qalacağının fərqinə varırdı. Bəlkə də, bilirdi, bu gediş o gediş deyil. Çoxdandır gəzən söhbətlər var idi, artıq nələrsə olacaqdı... Xəyallarına çatmaq üçün tələsdiyinə görə o günün uzaq olmadığını bildiyinə görə hərdən sonuncu yuxusu ona təskinlik verirdi.
-Taleyin qələmi mənim üçün nələr yazıb? Görəsən, xəyallarıma çata biləcəm? Tək xəyalım zabit olmaqdan ibarət deyildi. Ağrılara məlhəm olmalıyam axı... Vətən hələ dardardır. Mən bu dar gündə vətənim üçün 7 il çalışmışam deyə ən çox döyüşənlərdən biri olmalıyam. Birinci yaşamalı, sonra yaşatmalıyam...
Binanın arxasına doğru hərəkət etdi. Pilləkanda oturub buradan dənizi seyr etməyi çox xoşlayırdı, həm də yay vaxtı bura çox sərin olurdu. Beynində gedən fraqmentlər, 14 yaşında ilk dəfə əyninə hərbi geyimi geyinməsi, Hərbi Məktəbə qəbul olması, təlimlər, ilk dostluqlar... Qərib Baxşəliyevin sözünü xatırladı, “kişiyə ürək, dosta kürək, bayrağa külək çox yaraşır”.
Ürəkli idi Əmrah. Dostu üçün canından keçərdi, dostcanlı idi. Bayrağı üçün də hər şeyi edərdi – lap şəhid olmağı belə.
-Bu gün son günümdür bu qapılar arxasında. Sabahdan zabitəm, bir otaqda qaldığım, bir qabdan yemək yediyim qardaşlarımdan vidalaşırıq. Hər birimiz cənnət vətənimizin fərqli nöqtələrinə gedəcəyik. Görəsən, necə olacaq? Hansımız sağ-salamat qalacağıq, hansımız amalımıza çatacağıq? Axı bizim bir amalımız var – vətən uğruna... yox, birinci yaşamalıyıq. Yaşamalıyıq ki, yaşada bilək. Əsas vətən üçün yaşamaqdır. - başını yerə dikdi.
Dənizə baxırdı. 7 ildir ki, Xəzər onun dərd yoldaşı idi. Ona sevincini, kədərini bölüşmüşdü Əmrah. Dənizçi kursantlardan kimsə ona demişdi ki, sənin dənizə olan sevgin bizdə olsaydı, nələr edərdik. Son dəfə dənizlə söhbət etmək qərarına gəldi :
-Ən böyük sirdaşım olmusan, bilirsən? Hər şeyimi özünlə yuyub aparmısan. Bu gün isə sənlə sonuncu görüşümdür. Bilirəm, bir daha görüşə bilməyəcəyik. İçimdən bir hiss var ki, bu məktəbin koridorlarında daha mənim şəkillərim olacaq. Bu gediş o gediş deyil... Bilirsən? Bir gün səmaya qovuşacam, şəhid olacam. Bax o gün mən sənə ucalardan baxıb gülümsəyəcəm buludların arasından. Ən böyük xatirələrim, sevinclərim, kədərim, hamısı səndədir, yuyub aparsan da, hansısa nöqtəndə qalacaq. Bu gün sənə sonuncu dəfə sirr verəcəm... Bir yuxu görmüşəm, yuxumda şəhid olurdum. Görəsən, çata biləcəm o zirvəyə? Bilmirəm... Amma, ürəkdən istəyirəm. Belə baxand da, əsas yaşamaqdır vətən üçün... Nə isə, gedim sabah üçün formamı səliqəyə salım. Çox sağ ol, dəniz.
“Səndən qalan xatirə mavi dəniz,
Böyüklüyün səmadan, bəhərin təmiz...”
Formasını düzəltmək üçün yenidən tabor binasına qayıdırdı. Beynində tək musiqi var idi . Müslüm Maqomayev – “Qayıt, əzizim”. Çox dinlədiyi musiqi deyildi. Görəsən, niyə o musiqi... Bəlkə də, elə sözlərində deyildiyi kimi, ondan qalan tək xatirə elə o mavi dəniz olacaqdı, səmaya ucalacaqdı...
Ucaldı... Əmrah səmaya ucaldı, şəhid oldu. Hamının sevimlisinə, anaların övladına, bacıların qardaşına – bu Vətənin övladına çevirildi. Bu gün Əmrah qardaşları ilə birlikdə səmadadır, onun uğrunda döyüşdüyü torpaqlar azaddır, onun üzü gülümsəyir. Əmrah bütün şəhidlər kimi qəhrəmanlıq salnaməsinə çevrildi.
Bütöv Azərbaycandakı ad günündə cismən uzaqlarda, ruhən şəhid olduğun torpaqlardasan. Bu gün sən Bütöv Azərbaycanın şəhidisən. Sən elə Azərbaycansan...
Əlbət görüşəcəyik, qaranlığın heç olmadığı yerdə, əlbət bir gün görüşəcəyik...
Əli Rizvan