Aqressiyanın müxtəlif ifadə üslubları-Psixoloq AÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 23:03 20.02.2024
"Cəmiyyət nəyisə qınamaqdan öncə mütləq birinci özünə baxmalıdır. Bu qınaq, günahlandırma dediyimiz şey özü də bir aqressiyadan ibarətdir. Cəmiyyətin bu qədər aqressiv olduğu bir dönəmdə uşaqları necə sakit, səbrli və təmkinli olmağını gözləyə bilərik ki? Hətta nəzərə alsaq ki, yeniyetmə yaş dövrü hormonal dəyişikliklər və ətrafdan sadəcə neqativlərin-mənfi duyğuların daha yüksək şəkildə hiss olunduğu və göstərildiyi bir yaş dönəmidir. Ona görə də bu yaş qrupu uşaqların aqressiv davranışlar sərgiləməsi və ya bu cür danışıq tərzinin istifadə edilməsi hardasa yaşına uyğun sayıla bilər".
Bu sözləri "İnformator.az"a yeniyetmə və uşaqların özlərinə və yoldaşlarına qarşı aqressiv münasibət bəsləmələri barədə danışarkən psixoloq Əfsanə Rüstəmova söyləyib. Psixoloq bildirib ki, aqressiyanın ifadə üslubları müxtəlif olur:
"Cəmiyyətin hadisələrə reaksiyalarındakı kəskinliyə baxsaq onlar uşaqların etdiyi hərəkətdən daha ağır şəkildə hadisələrə münasibət bildirirlər və bu reaksiyanı verən insanlar əlbəttə ki, evlərində uşaqlarını da bu reaksiyaya əsasən tərbiyə edirlər. Ola bilər ki, onların uşaqları bu gün görünən hər hansı bir yanlış hərəkət etmirlər. Amma bu, o demək deyil ki, etmiyəcəklər. Çünki bu cür aqressiv ittiham edən şəxslərin övladlarının və övladlarının çevrələrinin də bundan təsirlənmə ehtimalı heç də az deyil. Əlbəttə, sözü gedən hadisə də biz heç bir halda heç bir tərəf üçün bəraət qazandıra bilmərik".
Əfsanə Rüstəmova hadisənin məzmununu bilmədən, yaş dönəmini nəzərə almadan ümumiyyətlə azyaşlılar arasında olan bu davranışın bu cür ictimailəşməsini doğru hesab etmir:
"Çünki fərqli anlaq səviyyəsi olan kütlələr arasında bu, fərqli cür anlaşıla bilər və fərqli cür yozula bilər. Bir az başqa üsluba nəzər salsaq, qadının saçının kəsilməsi və ya hər hansı bir axıcı maddənin üzünə və başına tökülməsi, onun qabarıq bir sözlə damğalanması çox əxlaqsız bir anlama gəlir. Ona görə də nəzərə alaq ki, sözü gedən uşaqlar hazırda özləri özlərini müdafiə edə bilməyəcək yaş dönəmlərindədilər. Yəni qanunən özləri özlərinə dair heç bir səlahiyyətləri yoxdur. Ona görə də bu uşaqların üzləri açıq şəkildə paylaşılmasını hər ikisinin, hətta üçünün də həyatı üçün təhlükə yarada biləcəyini düşünürəm. Bu cür şeylər ictimailəşməməlidir. Sadəcə hekayə kimi paylaşılıb valideynləri və ən əsası da təlim-tərbiyə ocaqlarını bu mövzuda bu yaş qrupu uşaqlarla daha davranış, maarifləndirmə, nəsihət, istiqamətləndirmə yönümlü işlətməyə dəvət etməlidir. Sosial şəbəkələrə yaşla bağlı giriş məhdudiyyətinin olmadığını nəzərə alsaq, belə hadisələrin video formatda cəmiyyətdə görülməsi uşaqlar arasında bucür davranışları daha da çoxalda bilər. Və bu isə qarşısı alınmaz bir dalğanın olmasına gətirib çıxara bilər. Ona görə də bizlər qolumuzu çirməyib kimisə günahlandırmaq yerinə bəlkə də əlimizi daşın altına qoyub cəmiyyətdə bir az daha yeniyetmələrlə və gənclərlə anlaq səviyyəsi tam formalaşmamış insanlarla işi təkmilləşdirməli və tərbiyə ilə yanaşı təhsilə daha çox diqqət ayırmalıyıq".
Banuçiçək Kalbalıyeva