Ali təhsil müəssisələrində gender bərabərliyi pozulur?

Bölmə: Sosial › ,
Tarix: 20:31 21.02.2024

Azərbaycanda ali təhsil müəssisələrində, xüsusilə  pedaqoji ixtisaslarda təhsil alanların sayında qızlar üstünlük təşkil edir.

 

Oğlanlar isə daha çox hərblə bağlı ixtisaslara, xüsusi təyinatlı məktəblərə istiqamətlənir.

 

Qeyd edək ki, ölkə üzrə 51 ali təhsil müəssisəsində təhsil alan 187 min tələbənin 110 minə qədəri qızlardır.

 

Bəs oğlanların daha çox texniki, hərbi, iqtisadi, qızların isə humanitar yönümlü səhələrə üstünlük verməsi təhsil müəssisələrində gender bərabərliyinə necə təsir edir?



Təhsil eksperti İlqar Orucov "İnformator.az" a açıqlamasında məsələyə aydınlıq gətirərək bildirib ki, Avropada elm sahəsində qadınların sayı olduqca azdır, ölkəmizdə isə bu hal əksinədir.

 

"Azərbaycanda ali təhsil müəsisəsində təhsil alan tələbələrin yarıdan çoxu qızlardır. Əksinə bu yaxşı haldır, çünki bizim xanımlarımız, qızlarımız oxumaq istəyirlər. İxtisaslar üzrə paylanmada gender balansının pozulması Sovet dövründə də belə olub. Texniki ixtisasda təhsil alanlar daha çox kişilər, qadınlar isə humanitar ixtisaslarda çalışmağa üstünlük veriblər. Baxmayaraq ki, 50 il öncə kənd yerlərində qadın müəllimlər nadir hallarda olurdusa, indi bu hal kişilər üzrə yaranıb. Hətta məktəbəqədər təhsil müəsisələrində demək olar ki, kişi tərbiyəçi yoxdur. Ailənin maddi təminatını kişilər qarşıladığı üçün onlar çoxgəlirli işlərə yönəldiyi üçün, pedoqoji sahələrdə qadınlar üstünlük təşkil edirlər.

Hazırda təhsildə gender balansı xanımların leyhinədir və bu bərabərliyin xanımların xeyrinə olması, zərərlidir".

 

Ekspert oğlanların elm sahəsindən çəkinməyinin səbəbini araşdırmaq lazım olduğunu vurğulayır.

 

"İstedadlı xanımlarımız olduqca çoxdur. Amma buna baxmayaraq bu balans bu qədər dəyişə bilməz. Avropada elm sahəsində  qadınların sayı olduqca azdır, bizdə isə bu hal əksinədir. Azərbaycan reallığında kişilər hər zaman çətin, daha çox gəlir əldə oluna biləcək peşələrə üz tuturlar. Elə işlər var ki, qadınların orda olmaması qəbul olunan, kişilərin humanitar sahələrdən yayınması olduqca düşündürücü haldır".

 

 

Azər Abuşov