Bu universitet iki ölkənin birliyinin növbəti rəmzidir-Ekspert RƏYİ
Bölmə: Sosial › ,Tarix: 20:52 21.02.2024
Türkiyə-Azərbaycan Universiteti yaradılır. Bununla bağlı Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
Yaradılacaq universitetlə bağlı Elm və Təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlamasında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması təhsil əlaqələri baxımından dönüş nöqtəsi olacaq:
"Azərbaycan-Türkiyə arasında təhsil əlaqələrinin əsasını Türkiyənin ölkəmizdəki təhsil müəssisələri, qarşılıqlı təqaüd (burs) proqramları, Azərbaycanın Türkiyədə, Türkiyənin Azərbaycanda təhsil alan tələbələri, eləcə də Azərbaycanda və Tükiyədə müxtəlif universitetlərdə çalışan professor-müəllim heyəti təşkil edir. Türkiyə-Azərbaycan Universitetinin yaradılması təhsil əlaqələri baxımından dönüş nöqtəsi olacaq. Bu universitet təkcə təhsil məsələsi deyil, iki ölkənin birliyinin növbəti rəmzidir. Eyni zamanda universitet yaxın gələcəkdə bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək. Bu universitet tamamilə yeni yaradılmış müəssisə olmayacaq, fərqli universitetlərin müxtəlif proqramlarını birləşdirən “yeni nəsil” universitet olacaq".
Ekspert qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində hələ 2 il öncə müzakirələr aparılırdı:
"Çünki universitet, xüsusən də iki ölkənin elmi dəyərlərini birləşdiriən universitet açmaq heç də asan iş deyil. Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsindən Azərbaycan-Türkiyə Birgə Universitetinin fəaliyyətinin təmin edilməsi məqsədilə 10 milyon manat vəsait ayrılıb. Baş ofisi Bakıda olacaq universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və informatika sahələrində fəaliyyət göstərəcək, növbəti tədris ilində isə ilk tələbələrini qəbul edəcək. İlk mərhələdə 240 tələbənin təhsil alması nəzərdə tutulub. Tədris dili türk və ingilis dilləri olacaq. Bina xarici universitetlərin də istifadəsinə veriləcək. Məsələn, Sorbon və ya Yel universitetləri proqram əsasında bu binada təhsil vermək istəsələr, onlar da sistemdə iştirak edə bilərlər. Universitetin inzibati və maliyyə işlərinə cavabdehlik Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin üzərində olacaq. Başqa sözlə, universitet üçün maddi-texniki tələblər (torpaq, binalar, laboratoriyalar, avadanlıq və digər maliyyə xərcləri) Azərbaycan tərəfindən təmin ediləcək, akademik məsələləri (təhsil proqramları, tələbələrin müvəffəqiyyət səviyyələrinin qiymətləndirilməsi və s.) Türkiyə təmin edəcək".
Müsahibin fikrincə, Türkiyə və digər xarici ölkə universitetlərinin ölkəmizdə olması yerli ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər:
"Bu təhsil ocağı Türkiyənin ən nüfuzlu universitetlərini və ən yaxşı proqramlarını Bakıda bir araya gətirəcək. Daha əvvəl oxşar məqsədlər üçün yaradılmış Qırğızıstan-Türkiyə Manas Universiteti və Ahmet Yesevi Universitetindən fərqli bir model olacaq. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq. Birgə universitet ortaq mədəni və tarixi dəyərlərimizin gün işığına çıxmasına, dəqiq elmlər və texnologiya sahəsində inkişafa təkan ola bilər. Rektor və prorektorların necə seçiləcəyi və meyarların hansı olacağına isə Qəyyumlar Şurası qərar verəcək.
Rizvan Fikrətoğlunun sözlərinə görə, Türkiyə-Azərbaycan Universiteti gələcək nəsillərin eyni milli ruhda yetişdirilməsində mühüm rol oynayacaq:
"Bu təhsil ocağı Türkiyədəki ali təhsil məktəblərinin təcrübəsini Azərbaycan gəncləri üçün əlçatan edəcək. Başqa sözlə, Türkiyə-Azərbaycan Universiteti hər iki ölkədən olan gənclərin həm Türkiyədə, həm də Azərbaycanda təhsil almaq imkanı əldə edəcəklər. Türkiyə və Azərbaycan elm və texnologiya sahəsində nə qədər güclü olarsa, bölgə ölkələri arasında, dünyada o qədər sayğılı və güclü olarlar.
Gülay Qəribova