"Makler evləri" keyfiyyətlidirmi? -Ekspertdən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:51 21.02.2024

Son illər insanlar arasında “makler evləri” deyə tanınan və adından da göründüyü kimi maklerlər tərəfindən tikilib satılan evlərlə bağlı xeyli sayıda şikayət nəzərə çarpır. Bu cür evləri alanlar bir müddət sonra evdə müxtəlif problemlərin meydana gəldiyini, təmir, tikinti və kosmetik görünüşündə deformasiyalar yarandığını bildirir.

 

Müşahidə olunur ki, ənənəvi evlərdən olduqca ucuz qiymətə təklif olunan “makler evləri” zamanla sökülüb dağılır.

Bəs bu halların səbəbləri nələrdir?


Daşınmaz əmlak eksperti Elnur Azadov "informator.az"a açıqlamasında bu məsələyə aydınlıq gətirib:

 

"Bu makler evlərinin yaranma səbəbləri var. Həmişə müəyyən adamlar olub ki, daşınmaz əmlak baha olduğu üçün bundan qazanclar əldə ediblər. Bu məsələ 2000-ci illərin əvvəllərindən üzə çıxıb. Bələdiyyə torpaqlarında bəzi işbazlar fərdi evlər tikməyə, onların satışından qazanc əldə etməyə başlayandan sonra, zamanla daşınmaz əmlak bahalaşarkən, əmlaka tələbat artarkən, bu adamlar da müəyyən bir təcrübə topladılar. Bu kimi qanuna zidd şəkildə evlərin tikintisi, satışı səbəbilə istehlakçılar  problemləri çoxaltdılar.


Son illər bu məsələnin gündəmə gəlməsinin səbəbi daşınmaz əmlakın hədsiz bahalaşmasıdır. Problemlər də müxtəlifdir, bu evlər hüquqi baxımdan təminatsızdır, yəni ki, istehlakçı adətən sənədsiz evlər alır, bu evləri aldıqdan sonra, onun mülkiyyəti dövlət tərəfindən tanınmır, qeydiyyata düşmək olmur, ardından sosial problemlər də yaranır. Vətəndaşlar qeydiyyata düşə bilmədiyi üçün ərazidə olan tibbi xidmətlərdən istifadə edə bilmir, səsvermə hüququndan mərhum olur, uşaqlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər. Bir çox hallarda bu evlərdə qum suları üzə çıxır, ona görə ki, bu evlər maksimum ucuz başa gəlir. Bu evlərin bünövrəsi, zirzəmisi olmur, birbaşa torpaq üzərində tikilir".

 

Elnur Azadov qeyd edir ki, bu evlərin ucuz başa gəlməsi üçün həmin adamlar minimum məsrəflə bu evləri ərsəyə gətirirlər.

 

"Son üç il ərzində şəhərdə daşınmaz əmlakın orta hesabla qiymətlərində otuz faiz artım müşahidə edilib. Bunun nəticəsində, vətəndaşlar bu kimi evlərdən daha çox istifadə etməyə başlayıblar".

 

 

Gülay Qəribova