Bir davranışın vərdişə çevrilməsi nə qədər vaxt aparır?
Bölmə: Maraqlı › ,Tarix: 23:56 21.02.2024
Vərdişlər eyni vəziyyət və şərtlər altında tez-tez, planlaşdırılmadan kortəbii olaraq ortaya çıxan davranışlar olaraq təyin edilə bilər.
Yeni bir vərdiş qazanma prosesində bu vərdişin tələb etdiyi davranışları müəyyən müddət ərzində mütəmadi olaraq yerinə yetirməli olduğumuzu düşünürük. Bir davranışın vərdiş halına gəlməsi üçün, ümumiyyətlə, 21 gün lazım olduğu bildirilir. Plastik cərrah Dr. Maksvell Maltz 1960-cı ildə nəşr etdirdiyi "Psiko-Kibernetika" kitabında əməliyyat olunan xəstələrin 21 gün ərzində yeni görünüşünə alışdıqlarını bildirmişdir. Yeni vərdiş qazanmada təsirli olduğu iddia edilən 21 günlük müddət bu mövzuda az qala bir qayda olaraq xatırlanır. Bəs bir davranışın əslində vərdişə çevrilməsi nə qədər vaxt alır?
Lally və London Universitet Kollecindən olan həmkarları bir davranışın avtomatik və vərdiş halına gəlməsi üçün nə qədər vaxt lazım olduğunu araşdırıblar. Araşdırmada 82 iştirakçıdan sağlam qidalar yemək, sağlam içkilər içmək və idman etmək kimi vərdişlərdən birini seçmək istənilib. İştirakçılar 12 həftə ərzində hansı vərdişləri əldə etmək istədiklərini və onları nə qədər tez-tez sərgilədiklərini formada qeyd etdilər. Sözügedən forma hər biri meyvə yemək, gündə 15 dəqiqə gəzmək, gündə 2 litr su içmək kimi seçilmiş vərdişlərlə bağlı davranışları ehtiva edən 12 maddədən ibarətdir.
Tədqiqat metoduna uyğunlaşan 39 iştirakçının məlumatlarından əldə edilən nəticələrə görə, bir vərdişin formalaşması 18-254 gün arasında davam edə bilər. Tədqiqatçılar düşünürlər ki, bu prosesin uzunluğu qazanılacaq vərdişin tələblərindən və insanın özünü idarə etmə səviyyəsindən təsirlənir. Araşdırma, həmçinin insanların gündəlik işini qısa müddətə (bir gün) kəsməyin vərdiş formalaşma prosesini pozmadığını ortaya qoyur.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova