Bu gün Cəlil Məmmədquluzadənin doğum günüdür

Bölmə: Sosial › ,
Tarix: 14:58 22.02.2024

Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 22 fevral, 1869-ci ildə Naxçıvanda olub. Tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri olub. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Əsərləri, dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Yazıçı, dramaturq, jurnalist olan dahi sənətkar 4 yanvar, 1932-ci ildə ( 62 yaşında) Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

Cəlil Məmməquluzadənin yaradıcılığını dəyərləndirən şair, yazıçı İradə Aytel ‘’informator.az’’-a fikirlərini bölüşüb. Yazıçı Aytel vurğulayıb ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin sütunlarından biridir:

 

"Poeziyamız Nizaminin, Sabirin, Vurğunun çiyinlərində durduğu kimi, nəsrimizin - dramaturgiyamızın, satirik ədəbiyyatımızın da sütunu Cəlil Məmmədquluzadədir. Kiçik bir bölgədə, sadə bir ailədə doğulan, zamanının tələbinə uyğun olaraq molla məktəbində ilk təhsilini alan, sonra zamanının tələblərini, hüdudlarını aşaraq, müxtəlif rus dilli məktəblərdə, sonra isə Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirən, dünya ədəbiyyatına, dünya mədəniyyətinə bələd olduqdan sonra, yenidən öz doğma əyalətində peşə fəaliyyətinə başlayan, ziyasını cahil kənd adamlarının üzərinə salmaqla onları da qaranlıqdan çıxarmaq uğrunda böyük işlər görən Cəlil Məmmədquluzadəni həmişə Nizami ilə eyniləşdirmişəm - nurunu, işığını məhz doğulduğu ocaqdan dünyaya yayan Nizami ilə’’…

 

İradə Aytelin fikrinə görə, Cəlil Məmmədquluzadənin həyatı uydurma olmadığı kimi, qəhrəmanları da uydurma deyil. Onun yaratdığı bütün obrazlar həyatda gördükləri, tanıdıqlarıdır:

 

‘’Məsələn, dünyaca məşhur povesti olan "Danabaş kəndinin əhvalatları"-nı Nehrəmdə müəllim işləyən zaman yaşadıqları, gördükləri əsasında qələmə alıb. Elə "Molla Nəsrəddin" ədəbi məktəbi də Məmmədquluzadənin ilk təhsil aldığı molla məktəbindən rişələnib. "Nə qədər ki, zəhmətkeş insan mövhumat azarından xilas olmayıb, azadlığın nemətlərindən istifadə edə bilməz" – deyən tənqidçi elmi, savadı, iradəsi hesabına bu mövhumatın içindən sıyrılmağı bacardı və özündən sonrakıları da bu bataqlıqdan çıxarmağa can atdı. Cəlil Məmmədquluzadə təkcə yazıçı, dramaturq, tənqidçi, jurnalist, ictimai xadim kimi yox, eyni zamanda, Azərbaycan üçün dühalar yetişdirən bir insan kimi də yaddaşlarda yaşayacaq".

 

İradə Aytelin sözlərinə görə, Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin sütunu olan Cəlil Məmmədquluzadə daim bizimlə olacaq, hələ yüz illər sonra da ədiblərimiz onun saldığı yola addımlayacaq:

 

"21 fevral təqvimə “Ana dili günü” kimi düşüb, 22 fevral isə dahi mütəfəkkir Cəlil Məmmədquluzadənin doğum günüdür. Hər il 21 fevral günü dramaturqun qələmə aldığı "Anamın kitabı" tragikomediyasını bir daha xatırlayırıq. Hələ Sovet hakimiyyətindən qabaq qələmə alanınan bu əsərdə yazıçı öz doğma dilinin, ana dilinin müqəddəsliyindən söz açaraq deyirdi: “Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi’’.

 

Cəlil Məmmədquluzadənin bütün əsərləri – hekayələri, dram əsərləri, publisistikası, alleqorik əsərləri, tənqidi bu günümüzlə ayaqlaşdığı, bu günümüzün reallığından bəhs etdiyi kimi (aradan yüz il keçməsinə baxmayaraq), “Anamın kitabı” tragikomediyası da zamanımızla səslənir, təəssüf edirəm ki, bu gün də biz öz dilini aşağılayan, öz dilində danışmağı ar bilən ziyalılarımıza rast gəlirik".

 

 

Sevinc Yarməmmədova