Ölkəmizdə qadınlar niyə hərbi xidmətə getmirlər?

Bölmə: Sosial › ,
Tarix: 20:57 22.02.2024

Dünyanın bir sıra ölkələrində, məsələn, İsrail, Norveç, Amerikada qadınlar da hərbi xidmətə çağırılırlar. 

Maraqlıdır ki, Azərbaycanda  hər kəs qanun qarşısında bərabər olsa da,  qadınlar hərbi xidmətə getməsiylə bağlı qayda ölkəmizdə keçərli deyil.

 

Bu zaman gender bərabərliyinin qaydaları pozulurmu?

Hüquqşünas Mehman Muradlı “İnformator.az”-a açıqlamasında mövzuya münasibət bildirib.

 

Onun sözlərinə görə, bu məsələyə gender bərabərliyi çərçivəsində baxmaq düzgün deyil.

 

"Hərbi xidmət keçməyin 2 forması var: çağırış yaşına çatan şəxslər, müddətdən artıq xidmət etmək.


Azərbaycanda istənilən qoşun növündə müqavilə əsasında qadınlar xidmət edə bilər. Bunun üçün sağlamlıq kağızı, çağırış yaşına çatanların təsdiq olunması tələb olunur. Bu formada istənilən qadına sağlamlıq, yaş və digər məhdudiyyətlər çərçivəsində xidmət etmək hüququ verilir. Milli ordu, polis xidmətində və digər qoşun növlərində də faktiki olaraq xidmət keçən qadınlar var. Sıravidən tutmuş yuxarı zabit heyətinə qədər qadınlar xidmət edir".

 

Hüquqşunas sonda qeyd edir ki, gender bərabərsizliyi deyib məsələni qabartmaq düzgün deyil.

 

 

Gülnisə Əfkari