Çoxmərtəbəli binaların tikilməsində nələrə diqqət edilməlidir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:47 22.02.2024

Paytaxda inşa edilən çoxmərtəbəli binaların sayı artıb. Həmin binaların tikintisi zamanı qoyulan məsafə tələbi yerinə yetirilmir. Binalar bir-birinə yaxın tikilir. Bəs bu binaların tikilməsində nələrə diqqət edilməlidir?

 

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev "informator.az"-a açıqlamasında bildirib ki, binalar arasındaki məsafə divarın hündürlüyünə uyğun olaraq müəyyənləşdirilir:

 

"Divarla yer səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyüdür. Binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəni bildirir. Qaydaların tələbinə görə bir bina ilə digər binanın arasında olan məsafə divarın hündürlüyün 0.6 hissəni təşkil etməlidir. Hesablamalarda bu qayda mütləq şəkildə nəzərə alınmalıdır. Yalnız sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulmuş xüsusi ərazilərdə və sənayə ərazilərində divarın hündürlüyünün 0.25 hissəsi nəzərə alınmalıdır. Xüsusi yaşayış ərazilərində : hərbi şəhərciklər, tələbə şəhərcikləri , müvəqqəti məskunlaşma ərazilərində divarın hündürlüyünün 0.4 hissəsi nəzərə alınır".

 

Ekspert qeyd edib ki, hər bir müəssisə istismara verilərkən mütləq yanğın təhlükəsizliyi qaydaları, tikinti norma və qaydaları, texnoloji layihələndirmə normaları, həmçinin müəyyən edilmiş qaydalarla təsdiq olunmuş normativ sənədlər rəhbər tutulmalıdır.

 

 

Zeynəb Mustafazadə